Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşəbbüsü ilə virtual “Salon” (“Salons”) silsilə tədbirlərindən beşinci vebinar keçirilib.

Nyu-York İncəsənət və Dizayn Muzeyinin fəxri sədri Barbara Toberin dəstəyi ilə təşkil olunan vebinar “Liberallıq və transformasiya. Müasir incəsənətin Azərbaycanda ifadə formaları” mövzusuna həsr olunub. Tədbirdə “Azərbaycan müasir incəsənəti” kitabının müəllifi Lesli Qrey və qalerist-kurator Əfsanə Tahirova spiker qismində iştirak ediblər.

Ə.Tahirova sovet dövründə fəaliyyət göstərmiş Tahir Salahov, Mikayıl Abdullayev, Əşrəf Murad, Mircavad və Tofiq Cavadov qardaşları, Səttar Bəhlulzadə və Toğrul Nərimanbəyov kimi görkəmli sənətkarların yaradıcılığından söz açıb və onların sosialist realizmi cərəyanı çərçivəsində göstərilən təzyiqə birbaşa və ya dolayı yolla etirazlarını öz əsərlərində əks etdirdiklərini diqqətə çatdırıb.

Vebinarın sonunda sualları cavablandıran spikerlər Azərbaycanda müasir incəsənət nümunələrini formalaşdıran amillərdən danışıb, gənc sənətkarların öz əsərlərində milli-mənəvi dəyərlərlə yanaşı ümumbəşəri hadisələrə yer verərək özlərini ifadə etdiklərini bildiriblər.

Qeyd edək ki, indiyədək təşkil olunan “Salon” vebinarları “Transqafqaz regionu: Azərbaycana iqtisadi baxış”, “İpək Yolunda mədəniyyət, həyat tərzi və biznes: Qafqaz regionunda optimizm rəmzi olan müasir memarlığa diqqət”, “Əsrlər boyunca cazibə: Azərbaycan xalçalarının tarixi” və “İpək Yolunun sirləri: Azərbaycanda şərabçılıq sənayesinin gələcəyi” mövzularına həsr olunub.