“dəli”-dolu yağımlı, zərif misralı, haqq sevdalı, “vağzalı” dualı Tofiq Bayram!
Bu sözlərin onun hələ sağ çağdaşları tərəfindən yüzə-yüz dəstəklənəcəyinə əmin, bu qeyri-poetik dövrdə vaxt tapıb mütaliə edən müasirlərininsə, düzə-düz hesab edəcəklərinə arxayınam. Bəlkə “köhnə” oxucuları arasında, ona məxsus bu sayaq epitetləri az işlətdiyimə görə, məni qınayanlar da olacaq...
Həmin o özünəməxsusluqlardan biri – Azərbaycan Radiosunun 50 illiyi münasibətilə yazdığı “Mehdi Hüseyn küçəsi - 1” şeirini ekranda necə gurlaması, biri – “Gərək elə yanım!”, “Ay gecikən məhəbbətim!” kimi ülfət-xiffətlərini “ikili” (pıçıltılı və hayqırtılı) tonda nə sayaq bəyanı, “qiraət-atomluğu, təkrarsız tribunluğu...
Hə, əfəndilər, bu şairin sir-sifət eləyə-eləyə, əl-qol ata-ata, qeyri-adi yanımla söylədiyi şeirləri sükutla oxuyanda başqa anımlar yaranır...
O, bir çox sovet tərənnümçülərinə nisbətdə xeyli “naxələf vətəndaş” kimi tanınırdı. Kremldə vaxtaşırı dəyişən hər növbəti rəhbərə, tez-tez “yeni redaksiyada” meydana çıxan ideologiyalara “qələm-rəncbərlik” etmir, “Leninin kitablarına baxmaq” yarışmalarında “dəstədən geri” qalırdı. Qol qoyduğu, könül verdiyi mövzuların təqdim orijinallığında isə...
Məsələn; hər soydaşımızın həyatında (əsasən) bircə kərə çalınan məlum havanın əkiztayını (mətn gəlin-bacısını) yaratdığı “Vağzalı çalınır”. Yaxud hamını (“Dərsə gedən bir uşaq”dan tutmuş, görüşə yürüyən cavanlara, kommunizmə tələsən böyüklərə qədər) yıxan buz üstdə “əsl kişi oyunu” adlandırdığı xokkey (“Əsrin oyunu”). Hələ... əksəriyyətin etiraf etməyə utandığı (ömrü boyu öz ürəyində qövr etdirdiyi) “retro”-sevgini bütün duyğu nüansları ilə ərz etdiyi “Ay gecikən məhəbbətim!”...
Bu nümunələri xeyli artırmaq olardı – əgər bu şairlə bağlı digər həyati nəsnə-nümunələr olmasaydı.
Onlarsa o qədər çox ki...
Bu fani dünyaya sıradanbir gəlimdən, fərqli yaşayıb-seçmə gedimə yol çox uzun, çox yüklü...
Bu “yük”də 26 yaşında “Ana təbəssümü” adıyla çap etdirdiyi otuz altı səhifəlik ilk kitabından ölümündən az əvvəl nəşr edilmiş “Ay gecikən məhəbbətim” adlı son (12-ci) kitabınadək bir dastanlıq fəaliyyət aləmi var şairin. Ovaxtların “qardaş xalqlar poeziyası” silsiləsindən A.Tvardovskidən, R.Həmzətovdan dilimizə çevirdiyi (dostlarının təbirincə) “Tofiqləngər tərcümələr” var. Bu məqamda qeyd etməli ki, onun Rəsul Həmzətovdan tərcümələri o illərin hadisəsi kimi qiymətləndirilərdi. Həmin o Həmzətov isə... sonralar (Qarabağ hadisələrinin başlanğıcında) Azərbaycan həqiqətini erməni yalan-yamanlarına satmaq cəhdləri etdi...
O dövrdə “partiya və hökumətin” (bütün düşüncələrində azad, hərəkətlərində sərbəst) Tofiq Bayramdan kəsdiyi qədir-qiyməti xalq, qələm dostları verirdi: “sözü üzədeyən”, “qəlbi dilində”...
Kağız-qələm aləmindən əlavə, ömür-gün yolu, yaşam-qoşam tərzi də ərz edir ki, həyatın reallıq zəlzələ-vəlvələləri onu nəsil-şəcərə ənənələrindən yayındıra bilməyib.
Bu şair sovetin “qan-qan” vaxtlarında deyib:
Qalxıb Şahdağına söz istəyirəm,
Çatsın hay-harayım dinləyənlərə,
Mən “nankor” deyirəm,“nacins” deyirəm –
Öz ana dilini bilməyənlərə!
Şair var – elə bil əl toğlusudur,
Vicdanı keyiyir tumar görəndə.
Mən vətənə, “Füzuli,
Abbas Səhhət” deyirəm!
Mən vətənə, “Sabiri
Doğan qeyrət”, deyirəm!
1934-cü ilin son ayında Əmircanda doğulub, 1991-ci ilin aprelində elə o yurdun məzarlığında dəfn olunmuş bu şairin sinəsində hər digər görəvlilərdən daha həssas, daha kövrək bir qəlb daşıması azmış kimi, “...yaddançıxmaz Qarabağ” onu daha da kövrəldib kükrətmişdi. Bu dərd haqda “xısın-xısın”la danışan bəzi həmkarlarına öz xarakter “orijinal”ındakından bir az da artıq, daha zildən gurlayırdı hərdən. “Kremlin valı, Bakının yalı ilə üstümüzə hürənlərin zibilinə düşmüşük”, “Qızlarının gözü həmişə başıpapaqlılarımızda, dığalarının nəfsi torpaqlarımızda!” kimi poetik-replik sözlər işlədərdi ermənilərin ünvanına.
Bu poetik-replik acıqnamələr onun malik olduğu dərin, dəqiq məlumatlardan doğurdu. APİ-nin Tarix fakültəsini bitirmiş, əmək fəaliyyətinə “Azərbaycan müəllimi” qəzetində şöbə müdiri kimi başlamışdı. Sonra Radio-Televiziya Verilişləri Komitəsində redaktor, Opera və Balet Teatrında ədəbi hissə, “Ulduz”da, “Ədəbiyyat və incəsənət”də şöbə müdiri, “Yazıçı” nəşriyyatında baş redaktor müavini. Ömürsonları isə yaradıcılıq “vəzifə”ləri...
Bu adamın “poetik konstitusiyası”na görə, şair “...Elin qəzəbiylə qabarmalıdır, O, ana bətnindən məzar evinə Ürəyi tərtəmiz aparmalıdır...”
Əlli altı illik ömrünün otuzdan çoxu yazıb-yaratmaqda keçib. Ancaq, sözə o qədər məsuliyyətlə yanaşıb ki, vur-tut on iki kitablıq yaza bilib. Dostlarının dediyi kimi, hər an, hər gün şeir haqda düşünüb-daşınsa da, qələmə hələm-hələm yaxınlaşıb. Lap bir mahnıda deyildiyi kimi; “üç gündən bir, beş gündən bir”. Görünür, elə buna görədir ki, hər ay bir kitab “göbələkləyənlərə” nisbətdə daha oxunaqlıdır bu şair. Şeirləri ürəklərə işləyəndir.
“Ürək” dedim, yaranmışların ən müqəddəslərinə həsr etdiyi bir şeiri yadıma düşdü: –
“Qadın ürəyi”
Şairin gur-gur poetik gurultuyla (əslində, döyüntülərlə) nəzmə çəkdiyi bu ürəyi qısaca və xəfifcə (“tıp-tıp”ı) və üstüncə bir nəsranəliklə təqdim etmək istər könül. Nədən ki, bu ürək sahibləri dünya əhalisinin yarıdan çoxunu təşkil edir (azlıq çoxluğa tabe!). Bu ürəyin daşıyıcıları kitabxana, təlim-tərbiyəxana yaraşıqları, hamının həyat yolu gərəyi, bütün dahilərin ilham mələyi...
Necə rəhmlidir, necə amansız,
Necə mehribandır qadın ürəyi!
Sən onu sındırsan, bil ki, a qansız,
Ağlayan kamandır qadın ürəyi.
“Qansız”! İstənilən hakim-məhkəmə hökmündən daha sərt, daha pərt səslənmirmi? Bəs sonra?
...Güldürsən, ömürlük səadətindir,
Söndürsən, yanmağı bir də çətindir.
O, əsl qayğının, məhəbbətindir,
Sevgisiz zindandır qadın ürəyi.
“Ömürlük səadət”... Və bunu qazanmaqçün heç bir fiziki əməyə, zəhmətə, var-dövlətə, zər-zibaya ehtiyac yox. Sadəcə, “güldürsən”...
Tofiq Bayram yaradıcılığından yazmaq bir çətindir, onu oxumaq isə beş asan, on beş xoş!
Bu şairin bir beyti var ki, ortasından beş-üç kəlməni götürsən, qarğış kimi səslənər; - “dünyada hər ana... ağlayaydı kaş”. Elə ki fikrin “təkcə toy günündə” əlavəsində cəmlənir, işıqlı bir alqışa çevrilir bu qarğış!...
Bir evdən bir evə səadət gedir,
Biri yola salır, biri səsləyir.
Bir ana qızını burda ləngidir,
Bir ana həsrətlə gəlin gözləyir.
...Gedirsən, ən şirin arzu-kam kimi,
“Vağzalı” çalınsın, get yavaş- yavaş.
Dünyada hər ana öz anam kimi
Bircə toy günündə ağlayaydı kaş...
Bu şair bu qəbil “vağzalı”dan əbədi nakam bir sevgi haqda da gözəl misralar yazıb:
İllər boyu səni gəzdim,
Ay gecikən məhəbbətim!
Sən yubandın, mən tələsdim,
Getdi gənclik təravətim,
Ay gecikən məhəbbətim!
Saç ağartdım bu yollarda,
Harda idin, söylə, harda?
Bir yarpağam, son baharda
Saralıram yetim-yetim,
Ay gecikən məhəbbətim!...
Sözümün sonunda buraqədərki xiffətli bəhslərə bir əlçim –
Təbəssüm...
Dil-ağızlarda “çox mehriban”, “safqəlb”, “zarafatcıl” kimi hallandırılan bu şair haqda belə bir söz də gəzirdi: “içən idi”... Amma, deyirlər, bunun özündə də bir poetiklik varmış. Bunu bir kərə bədahətən söylədiyi beş bəndlik bir şeirinin sonuncu misrası: “Kaş göydən yağış yox, araq yağaydı” və dostlarından birinin həyətində qaçışan “inkubator” cücələrini görərkən qəfləti xitabı da təsdiq edir: “Hara qaçırsınız, ay tər balalar, Səyyar “zakuska”lar, kəhər atlılar!”
Tahir ABBASLI