Xalqımızın qəlbində əbədi yaşayacaq Vətən müharibəsi şəhidlərindən biri də Ağstafa rayonunun Qarahəsənli kənd sakini Orxan Babayevdir. Şəhidin 20 yaşı münasibətilə kənddə onun xatirəsinə bulaq kompleksi inşa olunub.
Orxanın adına olan bulaq kompleksini təsadüfən bu məkanda tikməyiblər. Yaxınlıqdan axan suvarma kanalı yeni inşa olunanda sementi hələ bərkiməmiş Orxan onun üzərində öz adını yazıbmış və bu günə kimi “Orxan” yazısı orada durur. İndi doğum günündə özü sağ olmasa da, ailəsinə, vətəninə ən böyük hədiyyəsini bəxş etdi. Qarabağı azad edib, şəhadətə ucaldı.
Atası Sarvan Babayev Vətən torpaqlarının işğaldan azad edilməsində yaxından iştirak edən və canından keçən oğlu ilə fəxr etdiyini deyir: “Orxan Füzuli, Xocavənd, Cəbrayıl rayonlarının azad olunması istiqamətində gedən döyüşlərdə iştirak edib. Müharibənin bitməsinə saatlar qalmış Vətən uğrunda şəhid olub. Əlbəttə, bu gün bütün şəhidlərimiz qəlbimizdə yaşayır. Onlar heç vaxt unudulmayacaqlar”.
Orxanın doğum günündə qəbrini ziyarətə gələnlər arasında ona dərs deyən müəllimləri də olub. O, müəllimlərinin yaddaşında vətənpərvər gənc kimi qalıb. Oxuduğu məktəbin önündə kəndin digər şəhidlərinin fotoları ilə bərabər Orxanın şəkli də vurulub.
“Onun arzusu idi, işğal altında olan torpaqlarımız uğrunda gedən müharibədə iştirak etsin. Bu müharibə də ona qismət oldu. Hərbi xidmətə çağırıldı və 27 sentyabrdan müharibəyə qatıldı. 43 gün müharibədə iştirak etdi, 44-cü gün şəhid oldu”, - deyə idman müəllimi Ziyafət Əkbərov bildirib.
Orxan müharibənin ilk günündən sonuna qədər döyüş yolu keçib. Şuşa azad edildikdən bir gün sonra, noyabrın 9-da Xocavənd istiqamətində döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib.
Orxan Babayev noyabrın 11-də Qarahəsənli kənd qəbiristanlığında dəfn edilib. Ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Allah rəhmət eləsin.