Cənubi Afrika Respublikasının paytaxtı Keyptaunda baş vermiş yanğın nəticəsində Keyptaun Universiteti (UCT) də ciddi zərər görüb.
Alov bir neçə binanı, o cümlədən 200 illik tarixə malik olan məşhur Caqqer kitabxanasını da bürüyüb.
Afrika qitəsində ən yaxşı ali məktəblərdən biri hesab edilən bu universitetin əsas binaları yanğın baş verən ərazinin yaxınlığında yerləşir. Universitetin bütün tələbələri təxliyyə edilib, universitet kitabxanasını yanğından qorumaq mümkün olmayıb.
Yanmış binada afrikanistika kitabxanası, əlyazmalar və arxivlər, nadir kitablar və xüsusi kolleksiyalar, habelə Dövlət Nəşrləri Departamenti yerləşirdi. Nadir kitablar kolleksiyasında 1535-ci ildə Hollandiyada nəşr edilmiş Bibliya nüsxəsi də olub. Cənubi Afrikada ən qədim və çox nadir kitab hesab edilən bu nəşr vaxtilə qadağan olunub, onun tapılmış nüsxələrinin hamısı yandırılıb, naşir isə ölüm cəzasına məhkum edilib.