NASA-nın mini helikopteri Marsda havalanıb

ABŞ-ın Milli Aeronavtika və Kosmos Administrasiyası – NASA-nın “İngenuity” helikopter-dronu aprelin 19-da  Mars planetində ilk sınaq uçuşunu həyata keçirib.

20 saniyəyə yaxın davam edən ilk uçuşda helikopter Mars planetinin səthindən üç metr hündürlüyə qalxıb. “Perseverance” adlanan gəzən aparat uçuşun gedişində Yerə helikopterdən alınan fotoşəkilləri və məlumatları ötürüb.

Sonrakı uçuşlarda helikopteri Mars səthindən beş metr hündürlüyə qaldırmaq planlaşdırılır. Beləliklə, bəşər tarixində Yer kürəsi hüdudlarından kənarda ilk uçuş uğurla reallaşıb.

Qeyd edək ki, Marsda gəzən aparat (Perseverance) vasitəsilə Ezero kraterinə gətirilən “İngenuity” mini helikopterinin fəaliyyəti 31 gün müddətinə nəzərdə tutulur. O, “qırmızı planet”də uçuşlar zamanı ərazinin havadan fotoşəkillərini çəkməlidir.