Ərzurumda yerləşən Otaq Dərnəyinin (Otağ Derneği) bütün coğrafiyalardakı türk xalqlarına xitabən hazırladığı “Otaq” mədəniyyət, dil və ədəbiyyat jurnalı 9-cu xüsusi sayı ilə oxucularının görüşünə gəlib.

“Otaq” jurnalının bu nömrəsi uzun illər işğal altında qalmış Qarabağı işğaldan qurtaran Azərbaycan dövləti və xalqının ruhundan bəhs edir.

Ədəbi heyət xüsusi buraxılışda Qarabağ nəfəsini hiss etdirməyə çalışıb. Otaq Dərnəyinin rəhbəri Sərdar Acarın himayəsi, Fateh Ekicinin müdirliyi və Esra Yavuzun redaktorluğu ilə nəşr olunan “Otaq” jurnalı Azərbaycan himninin mətni ilə başlayır.

Xüsusi buraxılışı Zaur Rehşan, Mürsel Demir, Abdülmukaddes Kutlu, Məhəmməd Əmin Aksu, Alperen Tipioğlu, Müəmmər Bülbül və yaxınlarda həyatını itirən Ozan Yusuf Polatoğlu hazırlayıblar.

Dərgidə Əzizə Süleymanova və Dəniz Dellalbaşının çevirmələri ilə Əlabbas Bağırov və Sevil Yıldırım əsərləri, Cavidanın Qarabağla bağlı hekayəsini isə (Türkiyə türkcəsinə Nazlı Öztürkçü çevirib) və s. yazılar yer alıb.

Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığını Özge Çilek qələmə alıb.

Tarixçi alim Orxan Aras “Qarabağ və Xəzər türkləri” tarixi-elmi məqaləsini təqdim edib.

Rejissor Elxan Cəfərovun yazıçı Aqil Abbasın “Dolu” romanı əsasında çəkdiyi bədii film haqqında Məhəmməd Ataibişin ədəbi-tənqid yazısı verilib.

Beləliklə, Ərzurumda nəşr olunan “Otaq” jurnalının budəfəki sayı türk dünyasının ayrılmaz parçası üçün "Qarabağ Azərbaycandır!" şüarını bir daha xatırladaraq qardaş Azərbaycana mənəvi hədiyyəsini ərməğan edib.

Mehparə SULTANOVA
Ankara