“Müharibənin, zorakılığın miqyasını görmək üçün hadisə yerində olmaq çox əhəmiyyətlidir”

Aprelin 22-də fransalı hüquqşünaslar Yasin Yakuti (Yassine Yakouti) və Eliz (Elise) Arfi  işğaldan azad olunmuş Ağdam rayonuna səfər ediblər. Onlar rayon ərazisində 27 il davam etmiş erməni işğalının hazırkı mənzərəsi ilə tanış olublar. Qonaqlara işğaldan azad edilmiş ərazilərdə ermənilərin törətdiyi dağıntılar və digər vandallıq əməlləri barədə ətraflı məlumat verilib.

Fransalı hüquqşünaslar Ağdam şəhər Cümə məscidinə, Şahbulaq qalasına, digər yerlərə baş çəkib, gördükləri ilə bağlı təəssüratlarını bölüşüblər.

“Bizim burda olmağımız çox vacibdir. Azərbaycanın Fransadakı Səfirliyi bu müharibənin reallığını və dağıntının həcmini göstərmişdi. Bizim bura səfərimizin məqsədi həm də rəsmi fikirləri, mövqeni öyrənməkdir”, – deyə Eliz Arfi jurnalistlərə açıqlamasında bildirib.

O, Fransanın aparıcı ölkə kimi neytral olmasının, hər iki tərəfin mövqeyinə baxılmasının vacibliyini bildirib: “Fransa da bu müharibənin reallığını görməlidir. Burda gördüklərimiz çox üzücüdür, bu dağıntıları görmək çox ağırdır. Düşünəndə ki, bu şəhərdə, burada insanlar yaşayıb və bu müharibə onlara nələr edib, çox ağırdır. Biz bunların hamısını öz gözümüzlə görürük və ola bilsin ki, Fransada formalaşmış rəyə biz hansısa töhfə verə bilərik. Mənim fikrimcə, avropalılar bizim kimi buralara gəlməli, hər şeyi öz gözləri ilə görməli və başa düşməlidir ki, əslində, vəziyyət nə yerdədir”.

Eliz Arfi vurğulayıb ki, müharibənin, zorakılığın miqyasını görmək, onların doğura biləcəyi mənfi nəticələri görmək üçün hadisə yerində olmaq çox əhəmiyyətlidir. Bütün şəhər darmadağın edilib və xəritədən silinmək üzrədir.

O qeyd edib ki, Fransada çox sayda erməni yaşayır və bu baxımdan Ermənistan tərəfindən işğal edilən, rəsmən Azərbaycan ərazisi kimi tanınan Dağlıq Qarabağla bağlı mövqe həssasdır. “Biz Fransada bu məsələ ilə bağlı baxışları və fikirləri tarazlaşdırmaq üçün buradayıq”, - deyə hüquqşünas əlavə edib.

“Biz bura gəldik və görürük ki, həqiqətən, Azərbaycan torpaqlarında nələr baş verib”, – bunu isə Yasin Yakuti deyib.  O qeyd edib ki, Azərbaycan beynəlxalq hüquq çərçivəsində ona məxsus olan torpaqlarını geri qaytarıb. Biz vəkilik və bizim üçün əsas odur ki, beynəlxalq hüquq həmişə bərqərar olsun: “Bir zamanlar böyük bir şəhərin belə dağıdılmasını görmək dəhşətlidir. Biz çox dağıntılar gördük burada, məsələn, bu məscidi... Bütün bunlar çox üzücüdür. Bu şəhər heç Dağlıq Qarabağın bir hissəsi olmayıb, lakin Ermənistan qüvvələri tərəfindən ilhaq edilib. Bütün bunlar ağırdır. Bildiyiniz kimi, bu məsələlər hüquqi yanaşma tələb edir.  Azərbaycanın sərhədlərinə hörmət olunmalıdır”.