Dövlət İmtahan Mərkəzi tərəfindən aprelin 22-də tam (11 illik) orta təhsil səviyyəsi üzrə növbəti buraxılış imtahanları (ali məktəblərə qəbul üçün biliyin qiymətləndirilməsinin birinci mərhələsi) keçirilib. İmtahanlar 10 şəhər və rayonda (Ağdaş, Beyləqan, Cəlilabad, Goranboy, Qobustan, Salyan, Ucar, Xaçmaz, Zaqatala rayonları və Naftalan şəhəri) təşkil olunub.

İmtahanların keçirilməsi üçün ümumilikdə 41 imtahan binası, 696 imtahan zalı, imtahanların idarə olunmasına ümumilikdə 836 nəzarətçi–müəllim ayrılıb.

DİM-dən verilən məlumata görə, bir imtahan nəzarətçisi imtahan iştirakçısına kömək etməyə cəhd göstərdiyi üçün imtahan rəhbəri tərəfindən imtahandan xaric olunub. Baş vermiş qayda pozuntusu ilə bağlı araşdırma aparılacaq və müvafiq tədbir görüləcək.

Məlumatda bir məqam da diqqətə çatdırılır: “Təəssüf ki, ötən (15-16 aprel) buraxılış imtahanlarında abituriyentlər (4 nəfər) tərəfindən sual kitabçasının şəklini çəkərək sosial şəbəkələrdə yayması hallarına rast gəlinib. Həmin qayda pozuntularına yol vermiş imtahan iştirakçılarının kimliyi müəyyən olunub və onlar haqqında araşdırma aparılır.

Abituriyentlər nəzərə almalıdırlar ki, imtahan başa çatdıqdan sonra da DİM tərəfindən yoxlama aparılır və qayda pozuntularına yol vermiş şəxslərin nəticələri ləğv olunur.

23 aprel tarixində paytaxtın 4 rayonu da daxil olmaqla daha 16 şəhər və rayonda (Xəzər, Qaradağ, Yasamal, Nərimanov, Abşeron, Mingəçevir, Balakən, Masallı, Füzuli, Ağsu, Zərdab, Neftçala, Quba) buraxılış imtahanı keçiriləcək. 11 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları 29-30 apreldə yekunlaşacaq.