Kanadanın Alberta əyalətinin Kalqari şəhərində yaşayan, dövrümüzdə nadir sənət – silahsaz sənəti ilə məşğul olan soydaşımız Emin Məmmədov UNESCO tərəfindən Parisdə təşkil olunan müsabiqədə birinci yeri tutub. Soydaşımız müsabiqəyə əl işini – gümüş xəncər təqdim edib.

41 yaşlı E.Məmmədov soyuq silah nümunələri – bıçaqlar, xəncərlər və qılıncların hazırlanması üzrə ixtisaslaşmış sənətkardır. O, Almaniyada mühəndislik üzrə təhsil və doktorluq elmi dərəcəsi alıb. Gümüş və digər metal emalı sənətinin sirlərinə 1994-cü ildən yiyələnməyə başlayıb. O, həmçinin ənənəvi soyuq silahlara gümüş bəzəklər, qədim naxışlar vurmaqda peşəkardır. Müxtəlif ölkələrdə sənətkarlıq üzrə keçirilən beynəlxalq sərgilərdə və müsabiqələrdə fəal iştirak edir. Əl işləri Azərbaycan, Argentina, İsrail və s. ölkələrin muzeylərində və şəxsi kolleksiyalarda saxlanılır.

Emin Məmmədov bu sahədə işlərinin nəticəsi kimi “The Azerbaijan armourer’s art” (“Azərbaycanlı silahsazın sənəti”) kitabını da ərsəyə gətirib.

CAVİD