Rəsmi Bakı elan edib ki, gələn il azərbaycanlı köçkünlərin Dağlıq Qarabağ regionuna və işğaldan azad edilmiş digər ərazilərə qaytarılması işlərinə başlanacaq. İsrailin aparıcı nəşrlərindən olan “İsrael HaYom” qəzetində dərc edilmiş məqalə bu mövzuya həsr edilib.

Məqalənin müəllifi Şmuel Din Elmas yazır ki, bu məsələ əhalisinin sayı 10 milyondan çox olan Azərbaycan üçün qlobal məna kəsb edir. Bildirilir ki, ötən əsrin 90-cı illərində Azərbaycanın Dağlıq Qarabağ regionu və bu bölgəyə bitişik rayonların əhalisi Ermənistan tərəfindən soyqırımı aktına və etnik təmizləməyə məruz qalıb.

Vurğulanır ki, 2020-ci ildə Azərbaycan torpaqlarını azad edib. Hazırda ərazilərin minalardan təmizlənməsi və dağıdılmış infrastrukturun bərpası işləri uğurla həyata keçirilir. Yazıda o da qeyd olunur ki, işğal olunmuş ərazilərdəki memarlıq abidələri, mədəni və tarixi abidələr, məscidlər, pravoslav kilsələri Ermənistan tərəfindən məhv edilib, vandalizmə məruz qalıb.

Xatırladaq ki, bu günlərdə “İsrael HaYom” qəzetinin müxbiri Şmuel Din Elmas və “The Jerusalem Post” və “The Jewish Press” nəşrlərinin siyasi şərhçisi, “İsraildə Azərbaycan Evi”nin icraçı direktoru Arye Qut Azərbaycanın işğaldan azad olunan ərazilərinə səfər ediblər. Qonaqlar Ağdamın “kabus şəhər”ə çevrilməsindən dəhşətə gəldiklərini bildiriblər. İsrailli jurnalistlər işğaldan azad olunmuş Füzuli, Cəbrayıl və Zəngilana da səfər ediblər.