Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev aprelin 21-də İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin rektoru Giorgi Şarvaşidze ilə görüşüb.

Səfirlikdən bildirilib ki, görüşdə iki ölkənin ali təhsil müəssisələri arasında elm və təhsil sahəsində əməkdaşlıq məsələləri diqqət mərkəzində olub. Həmçinin Bakı Dövlət Universiteti ilə Tbilisi Dövlət Universiteti arasında əməkdaşlığın davam etdirilməsi barədə fikir mübadiləsi aparılıb.

Görüş zamanı Tbilisi Dövlət Universitetinin nəzdində Azərbaycan dili və ədəbiyyatı fakültəsinin yaradılması barədə müzakirələr aparılıb. Vurğulanıb ki, fakültənin yaradılması Gürcüstanın azərbaycandilli məktəblərində kadr çatışmazlığı probleminin qarşısını alacaq.

Səfir ölkəmizlə əlaqələrə verdiyi böyük önəmə və dəstəyə görə rektora təşəkkür edib, Tbilisi Dövlət Universiteti ilə səfirlik arasında əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliyini söyləyib.

Daha sonra F.Quliyev Tbilisi Dövlət Universitetindəki Heydər Əliyev Mərkəzində aparılan yenidənqurma işləri ilə tanış olub. Mərkəzdə təmir işlərinin növbəti tədris ilinədək yekunlaşacağı bildirilib.