Qədim Şəki eli Azərbaycan ictimai fikrinə, ədəbiyyat və mədəniyyətinə görkəmli şəxsiyyətlər bəxş edib. Bu yazıda Azərbaycan dramaturgiyasının banisi, yazıçı, tərcüməçi, ictimai xadim Mirzə Fətəli Axundzadənin bir həmyerlisi və müasiri haqqında bəhs edəcəyik. Tərcüməçi, diplomat, dövlət xadimi Zaman bəy Şeyxəlibəyovdan.
Zaman bəyi Mirzə Fətəli ilə yaxınlaşdıran cəhət heç də onların hər ikisinin Nuxada (indiki Şəki) anadan olmasından ibarət deyil. Onların hər ikisinin həyat və fəaliyyəti arasında bir sıra uyğun gələn məqamlar var. Məsələn, əgər Mirzə Fətəli Axundzadə çar Rusiyasının Qafqaz canişininin dəftərxanasında (Tiflis) baş tərcüməçi işləmişdisə, Zaman bəy Şeyxəlibəyov Türküstan general-qubernatorunun dəftərxanasında baş tərcüməçi olmuşdu. Axundzadə polkovnik rütbəsi daşımışdısa, Zaman bəy dövlət müşaviri rütbəsinə malik idi və bu, general-mayor və polkovnik hərbi rütbələri arasında bir rütbəyə uyğun idi...
Lakin Mirzə Fətəlidən fərqi olaraq, Zaman bəy Şeyxəlibəyovun həyat və fəaliyyəti çox gec araşdırılmağa başlanılmış və yarımçıq qalmışdır. Zaman bəy haqqında ilk elmi-publisistik məqaləni 2014-cü ildə geologiya-mineralogiya elmləri doktoru, AMEA Şəki Regional Elmi Mərkəzinin direktoru Zəkəriyyə Əlizadə (1936-2016) tarixi ədəbiyyata, professor Ədalət Tahirzadənin təqdim etdiyi arxiv sənədlərinə istinadla yazmışdır. Bundan sonra Rusiyada yaşayan tarixçi-tədqiqatçı Eldar İsmayılov Moskva arxivlərindən Zaman bəy Şeyxəlibəyovun şəxsi işini tapmış və surətini çıxararaq Zəkəriyyə Əlizadəyə göndərmişdir. Lakin 2016-cı ildə Zəkəriyyə Əlizadənin vəfatından sonra həmin sənədlər it-bata düşmüşdür. Həmin şəxsi işdən isə bizə yalnız Zaman bəyin təvəllüd və ölüm tarixləri məlumdur. Professor Ədalət Tahirzadə 2016-cı ildə “Tarix” dərgisində (İstanbul Universitetinin nəşri) dərc olunmuş “Sultan Əbdüləzizin Şərqi Türküstan-Kaşğar Xanlığına göndərdiyi zabit” adlı məqaləsində bu şəxsi işə istinad etmişdir.
Kaşğar əmirinin etibarlı nümayəndəsi
Bəs kimdir Zaman bəy Şeyxəlibəyov? O, 7 noyabr (köhnə təqvimlə 26 oktyabr) 1838-ci ildə Nuxada (Şəki) anadan olmuşdur. 1860-cı ildə tərtib edilmiş “Nuxa şəhərindəki müsəlman bəylərinin və dövlət məmurlarının siyahısı”nda adı 35-ci sırada, vəfat etmiş praporşik Şeyxəli bəy Hacı bəy oğlunun böyük oğlu – 22 yaşlı quberniya katibi, mülki məmur rütbəsini daşıyan şəxs kimi qeyd edilmişdir. Həmin sənəddə Zaman bəyin özünün 4 yaşlı İsa bəy və 1 yaşlı Hacıağa bəy adlı oğullarının, həmçinin 20 yaşlı Bala bəy, 16 yaşlı Mehdi bəy, 10 yaşlı İbrahim bəy və 8 yaşlı Məhəmməd bəy adlı qardaşlarının da olduğu göstərilmişdir.
Zaman bəy 1860-1867-ci illərdə Nuxa qəza məhkəməsində katib, 1868-1872-ci illərdə Yelizavetpol Dairə Məhkəməsinin Nuxa barışdırıcı şöbəsində məhkəmə icraçısı vəzifəsində çalışmış, 1872-ci ildə Türkiyəyə mühacirət etmişdir.
1873-1874-cü illərdə Zaman bəyin qardaşı Mehdi bəy Şeyxəlibəyov Yelizavetpol Dairə Məhkəməsində tərcüməçi vəzifəsində çalışırdı. Həmçinin 1874-cü ildə Zaman bəyin digər qardaşı praporşik İbrahim bəy Şeyxəlibəyov Zaqatala dairəsinin idarə aparatında tərcüməçi idi. Çox güman ki, 1874-cü ildən sonra Mehdi bəy və İbrahim bəy də Türkiyəyə mühacirət etmişlər.
Zaman bəy Şeyxəlibəyov 1873-1875-ci illərdə Osmanlı dövlətinin nümayəndəsi kimi İstanbuldan Şərqi Türküstana göndərilənlər arasında olmuş, 1875-ci ildə Kaşğara yetişmiş Osmanlı hərbi yardımını bütün yolboyu – İstanbuldan Kaşğaradək müşayiət etmişdir. Onun adı 1876-cı ilin dekabr ayında Çindən müstəqilliyini elan etmiş Yeddişəhər (Kaşğar) dövlətinin əmiri Yaqub xanın etibarlı nümayəndəsi olaraq “Zaman xan əfəndi” kimi çəkilir. 1877-ci ilin ikinci yarısında Yaqub xanın öldürülməsindən və Yeddişəhər dövlətinin Çin tərəfindən tam işğal edilməsindən sonra Zaman bəy Daşkəndə qayıtmışdır.
Zaman bəy 1877-1900-cü illərdə Daşkənddə – Türküstan general-qubernatorunun dəftərxanasında tərcüməçi və baş tərcüməçi vəzifəsində çalışmış, 1877-1878-ci illərdə Rusiyanın Əfqanıstandakı diplomatik heyətində yer almış, həmçinin 1878-1882-ci illərdə özbək və qazax dillərində ilk qəzet olan “Türküstan vilayətinin qəzeti”nin ədəbi əməkdaşı olmuşdur.
1892-сi ildə Rusiya imperatoru III Aleksandrın (1881-1894) dəvəti ilə Peterburqa səfər edən və sonra isə öz ölkəsinə geri dönən Buxara xanı Seyid Əbdüləhəd xanı (1885-1910) yolboyu müşayiət etmiş şəxslərdən biri də Zaman bəy olmuşdur.
1900-cü il noyabr ayının 18-də Zaman bəy öz xahişi ilə Türküstan general-qubernator dəftərxanasının baş tərcüməçisi vəzifəsindən azad olunmuşdur.
Zaman bəy Şeyxəlibəyov 6 may (23 aprel) 1904-cü ildə, 65 yaşında Daşkənddə vəfat etmişdir. Onun tərcümeyi-halına quberniya katibi, kollegiya katibi, titullu müşavir, kollegiya müşaviri, nəhayət, dövlət müşaviri kimi mülki məmur rütbələri yazılmışdır. Zaman bəy çar Rusiyasının 4-cü dərəcəli “Georgi xaçı” və Tunisin “Şöhrət” ordenləri ilə təltif olunmuşdur. İranın 2-ci dərəcəli “Şiri-Xurşid” ordeni ilə təltif edilməsi üçün Rusiya tərəfindən diplomatik təqdimat verilsə də, onun bu ordenlə təltif edilib-edilmədiyi barədə məlumat yoxdur.
Aydın MƏMMƏDOV
M.F.Axundzadə adına Şəki Mədəniyyət Mərkəzinin işçisi