Qazaxıstanın Türküstan şəhərinin tarixi yaşının müəyyənləşdirilməsinə həsr olunan beynəlxalq elmi-praktik sessiya keçirilib. Türküstan Vilayətinin rəhbərliyi və Qazaxıstan Elmlər Akademiyasının A.Marqulan adına Arxeologiya İnstitutunun təşəbbüsü ilə reallaşan tədbirdə AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktor müavini, akademik Şahin Mustafayev də iştirak edib.

İnstitutdan bildirilib ki, Xoca Əhməd Yəsəvi adına Türk-Qazax Universitetinin binasında təşkil olunan sessiyada alimlər Türküstanın tarixi yaşının müəyyənləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparıb və yekun bəyannamə imzalayıblar. Bundan əlavə, qonaqlar şəhər ərazisində aparılan arxeoloji qazıntılar və onların nəticələri ilə tanış olublar.

Akademik Şahin Mustafayev yeni açılmış Türküstan Milli Kitabxanasında yerli və xarici alimlər və tələbələr qarşısında “İpək Yolu və Azərbaycanın tarixi” mövzusunda məruzə ilə çıxış edib.

Qeyd edək ki, tarixən Türküstan şəhəri burada dəfn olunan böyük din və təsəvvüf xadimi, müasirləri və xələfləri arasında “pir-i Türkistan” və “həzrət-i Türkistan” adlandırılan, Orta Asiyadan Anadoluya qədər regionda geniş yayılan “Divani hikmət” adlı fəlsəfi-mənəvi şeirlər toplusunun müəllifi Xoca Əhməd Yəsəvinin məzarı ilə şöhrət qazanıb. XIV əsrin sonlarında Əmir Teymur tərəfindən bu şəxsin məzarı üzərində məqbərə kompleksi ucaldılıb.