XX yüzilliyin birinci yarısında türkologiyada yeni bir imza ortaya çıxır. Bu, türkoloji araşdırmaları ilə dünyada məşhurlaşan görkəmli dilçi alim, ədəbiyyatşünas, professor Əhməd Cəfəroğlu idi.
O, 17 aprel 1899-cu ildə Gəncə şəhərində dünyaya göz açıb. Hələ 3 yaşında atası vəfat edir. 1905-ci ildə erməni millətçilərinin xalqımıza qarşı başlatdığı qırğınlar zamanı anası Əhmədi də götürüb Səmərqəndə köçür. O, ilk təhsilini bu şəhərdə alır. 1909-cu ildə Gəncəyə qayıdırlar. Əhməd Gəncə gimnaziyasına qəbul olunur və 1916-cı ildə təhsilini başa vurur. Kiyev Ali Ticarət İnstitutunun İqtisadiyyat fakültəsinə daxil olur və bir il altı ay burada oxuyur. Rusiyada hakimiyyət çevrilişi (1917-ci ilin fevral inqilabı) ilə əlaqədar təhsilini yarımçıq qoyur və Gəncəyə dönür. Həmin vaxt Bakını erməni-bolşevik hərbi birləşmələrindən azad etmək üçün Azərbaycan Cümhuriyyətinə köməyə gələn Qafqaz İslam Ordusuna yazılır. Bakının azad edilməsində (15 sentyabr 1918) kiçik zabit kimi yaxından iştirak edir. O, 1919-cu ildə Bakı Dövlət Universiteti Tarix-filologiya fakültəsinin Şərq bölməsinə daxil olur. 1920-ci ilin 28 aprelində Rusiya işğalı nəticəsində Cümhuriyyət süqut edir və onun təhsili yenə yarımçıq qalır.
Əhməd Cəfəroğlu İstanbul Universitetinin Dil-ədəbiyyat fakültəsinə daxil olur. 1925-ci ildə təhsilini başa vurur. Universitetin İlahiyyat fakültəsinin kitabxanasında işə düzəlir. Eyni zamanda Türkologiya İnstitutunda da assistent kimi çalışır. Həmin ilin sonlarında Almaniya Xarici İşlər Nazirliyinin təqaüdçüsü kimi Berlin və Breslau universitetlərində tanınmış alimlərin türkologiyaya dair mühazirələrini diləyir. 15 may 1929-cu ildə Breslau Universitetində məşhur şərqşünas Fridrix Gizenin rəhbərliyi altında yazdığı “Gəncə dialektində Azərbaycan bayatısının dil baxımından təhlili” mövzusunda dissertasiya işini müdafiə edir. Bir müddət sonra bu tədqiqat əsəri ayrıca kitabça şəklində Berlində nəşr olunur.
1929-cu ildə filologiya doktoru kimi Türkiyəyə qayıdan Ə.Cəfəroğlu İstanbul Universitetində Türk dili tarixi kafedrasında işə başlayır. Dosent, professor, 1946-cı ildə isə (Mehmet Fuad Köprülünün vəfatından sonra) kafedra müdiri kimi fəaliyyət göstərir. Əhməd bəy həm də universitetin nəzdində fəaliyyət göstərən Türkiyyat İnstitutuna rəhbərlik edir.
Filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimov araşdırmasında yazır ki, Ə.Cəfəroğlu dilçi alimlər nəsli yetişdirib. İndi onlar Türkiyə universitetlərində dil və ədəbiyyat kafedraları qurur və rəhbərlik edirlər. Rus, alman, fransız dillərini bilən Ə.Cəfəroğlu 25-dən çox kitabın, 380-ə yaxın elmi məqalənin müəllifi olub. O, türkologiyada yeni istiqamətlər müəyyənləşdirib. Alim 1923-1969-cu illərdə Avropanın aparıcı universitetlərində türk dilinə və türkologiyaya dair mühazirələr oxuyub. Bir müddət Roma Universitetində də çalışıb.
Ə.Cəfəroğlu ölkəmizi dünyaya tanıtmaq üçün “Azərbaycan yurd bilgisi” jurnalını nəşr etdirib. Alim həmçinin müxtəlif vaxtlarda “Türk amacı” dərgisinin, “Türk dili və ədəbiyyatı məcmuəsi”nin redaktoru kimi fəaliyyət göstərib. Bu dərgilərdə işıq üzü görən “Azərbaycanın böyük matəmi – 27 nisan”, “28 mayıs 1920”, “Tarixin ilk türk Cümhuriyyəti – Azərbaycan” və s. məqalələri maraqla qarşılanıb.
Görkəmli türkoloq eyni zamanda Azərbaycan ədəbiyyatı tarixini, folklorunu da araşdırıb. “Azərbaycan xalq ədəbiyyatında “Aşıq Qərib” dastanı”, “XVII əsr azəri şairi Məlik bəy Avçı”, “Böyük azəri türkçüsü Mirzə Fətəli” və s. əsərləri qiymətli mənbələrdir. Onun türk dili tarixi və türk dialektologiyasına dair araşdırmaları dəfələrlə çap edilib, bu gün də dərslik kimi istifadə olunur.
Ə.Cəfəroğlu ötən əsrin 30-cu illərində Türkiyənin elmi həyatında fəal rol oynayıb, Mustafa Kamal Atatürkün təşəbbüsü ilə 1932-ci ildə təşkil edilən Türk Dil Qurumunun yaradıcılarından biri və həqiqi üzvü olub. O, həmçinin Qərb ölkələrində də yaxşı tanınıb. Beynəlxalq Onomastika Cəmiyyətinin həqiqi, Polşa Elmlər Akademiyasının müxbir üzvü, Macarıstanın Beynəlxalq Dilçilik Cəmiyyəti, Beynəlxalq Dialektologiya Mərkəzi və Ural-Altay Cəmiyyəti, Argentinanın Beynəlxalq Tural Cəmiyyətinin fəxri üzvü olub. Alim İspaniya hökuməti tərəfindən 1955-ci ildə “De Alfonso El Sabio” ordeni ilə təltif edilib.
1973-cü ildə işlədiyi İstanbul Universitetindən təqaüdə çıxan Əhməd Cəfəroğlu 6 yanvar 1975-ci ildə, 76 yaşında vəfat edib.
Savalan FƏRƏCOV