Bu günlərdə Almaniya Federal İqtisadi İnkişaf və Əməkdaşlıq Nazirliyinin və Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ) təşkilatçılığı ilə ölkəmizin turizm fəaliyyəti ilə məşğul olan dövlət orqanlarının və Turizm İnstitutunun nümayəndələrindən ibarət 15 nəfərlik heyət Almaniyada səfərdə olublar. Azərbaycanda özəl sektorun dəstəklənməsi proqramı çərçivəsində həyata keçirilən səfər zamanı (20-29 iyun) nümayəndə heyəti Bavariya və Baden-Vürtemberq vilayətlərində olub.
Qeyd edək ki, GTZ dövlət təşkilatı olaraq Azərbaycanda iqtisadi inkişafı dəstəkləyir və ölkəmizdə iqtisadi yönlü layihələrin reallaşdırılmasında çox maraqlıdır. Təşkilat Azərbaycanda iqtisadi inkişafın bir istiqaməti kimi turizm sahəsində də əməkdaşlıq layihələrinə önəm verir. Son üç ildə Turizm İnstitutu ilə bir neçə layihə həyata keçirib.
Almaniyaya səfər etmiş nümayəndə heyətinin üzvü, Turizm İnstitutunun Tədqiqat və İnkişaf Mərkəzinin rəhbəri Eldar Aslanov təəssüratını bizimlə bölüşdü: «Səfər çərçivəsində müxtəlif görüşlər keçirdik. Bavariyanın Mədəniyyət, Qəsrlər və Göllər İdarəsində, Turizm-Marketinq Şirkətində, Ekspedisiya və Turizm Məktəbində görüşlərimiz maraqlı oldu. Bu məktəblə Turizm İnstitutu arasında münasibətlərin qurulması ilə bağlı ilkin razılıq əldə etdik. Ayrı-ayrı yerli icmalarla turizm şirkətləri arasında olan münasibətlərin tənzimlənməsi prosesi ilə tanış olduq. Almaniyada açıq hava muzeylərinin təşkili menecmenti ilə tanış olduq. Həmin görüşdə bizim ölkəmizdə də belə muzeyin - Qala Arxeoloji Etnoqrafik Muzey Kompleksinin yaradılması barədə məlumat verdik.
Turizmdə günəş enerjisindən istifadə, ətraf mühitin mühafizəsi və davamlı turizmin inkişafı konsepsiyası ilə bağlı maraqlı görüşlərimiz oldu. Səfərimiz çox faydalı oldu. Bütün görüşlərimizdə Azərbaycanın turizm potensialı və ölkə turizminin hazırkı inkişaf yolu haqqında almaniyalı həmkarlarımızı ətraflı məlumatlandırmağa çalışdıq. Bu səfər Almaniya-Azərbaycan turizm əlaqələrinin möhkəmlənməsinə bir töhfə oldu».
Həmsöhbətim bildirdi ki, Almaniyada mədəni və şəhər konqres turizmi çox geniş inkişaf edib: «Əsas məqsədimiz Almaniya-Azərbaycan turizm əlaqələrinin genişləndirilməsidir. Almaniya xaricə ən çox turist göndərən ölkələrdən biridir. Bizimlə görüşlərdə iştirak edən turizm şirkətləri bu səfərə həm də özləri üçün yeni əlaqələr baxımından bir imkan kimi də baxırdı. Münhendə turizm şirkətində keçirdiyimiz görüşlərdə alman tərəfinə yeni əməkdaşlıq təklifləri verdik. GTZ-nin Frankfurt şəhərində yerləşən baş ofisində Almaniyanın turizm sahəsində yaxın gələcəkdə Azərbaycanda həyata keçirmək istədiyi layihələr, bu istiqamətdə gözləntiləri ilə tanış olduq. Həmçinin bizim də onlara müəyyən təkliflərimiz oldu. Xüsusilə viza şərtlərinin sadələşdirilməsi ilə bağlı fikirlərimizi bildirdik».
Söhbət əsnasında E.Aslanov GTZ təşkilatının Turizm İnstitutu ilə birgə həyata keçirdiyi layihələr barədə də danışdı: «2007-2008-ci illərdə GTZ ilə birlikdə gerçəkləşdirdiyimiz layihə çərçivəsində Lənkəran iqtisadi rayonunun turizm potensialını araşdırdıq. Bununla bağlı geniş hesabat hazırlayıb həm bu təşkilata, həm də Mədəniyyət və Turizm Nazirliyinə təqdim etdik. Layihənin davamı kimi, cənub zonasında 60 nəfərə yaxın hotel və restoran işçisi üçün peşə hazırlıqlarını artırmaq məqsədilə təlimlər təşkil etdik. 2009-cu ilin əvvəlində isə Qərb regionunun turizm potensialının tədqiqi layihəsinə başladıq. Layihə çərçivəsində Göygöl və Gəncədə turizm imkanlarını araşdırdıq. Məlumdur ki, Göygöl (keçmiş Helenendorf) şəhəri vaxtilə burada yaşamış almanlar tərəfindən salınıb. Bu bölgədəki alman tarixi ilə bağlı izlərin turizm məhsulu kimi təqdim olunması və həmin yerlərə almanların səfərlərinin təşkil olunması ilə bağlı bir neçə təklif irəli sürdük.
GTZ ilə son işimiz Altıağac və Şirvan milli parklarında ekoturizmin inkişafı ilə bağlı oldu. Bilirsiniz ki, ölkəmizin ərazisinin 3,5 faizə yaxın hissəsi milli parklardır. Hazırda Azərbaycanda 9 milli park var. Milli parkların ərazisi bütün dünya ölkələrində turistlərin özlərinə istirahət məkanı kimi seçdiyi yerlərdir. Amma təəssüf ki, bizdə milli parkların bu baxımdan inkişaf etdiyini söyləmək çətindir. Burada infrastruktur azdır, turistlərin istirahəti üçün yetərli şərait yoxdur. Bu baxımdan biz Altıağacda və Şirvan milli parklarında ekoturizmin inkişafı məsələsini alman tərəfi ilə müzakirə etmişik. Həmin parklarda turizm infrastrukturunun yaradılması ilə bağlı hazırda danışıqlar gedir».
Fəxriyyə Abdullayeva