Aşıq yaradıcılığı Azərbaycan folklorunun mühüm qollarından birini təşkil edir. Bu ədəbiyyatın janr və mövzu baxımından zəngin nümunələrinin yaradıcıları sırasında Aşıq Ələsgərin adı xüsusilə qeyd edilir.
Çoxəsrlik aşıq sənətinin ən yüksək zirvəyə qalxmasında ustad sənətkarın misilsiz xidmətləri olub. Aşıq Ələsgərin xidmətlərindən biri də onun çox sayda yetirmələrinin olmasıdır. Həmin aşıqlar üçün Dədə Ələsgərin zəngin poetik irsi əsl sənətkarlıq məktəbi olub.
Prezident İlham Əliyev 18 fevral 2021-ci il tarixində Aşıq Ələsgərin 200 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. AMEA-nın Folklor İnstitutunun təşkilatçılığı ilə mayın 24-də yubiley münasibətilə “Aşıq Ələsgər: sazın sehri və sözün şöhrəti” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.
İnstitutdan bildirilib ki, konfransın materialları toplu şəklində çap olunaraq məruzəçilərə təqdim ediləcək. Konfrans barədə ətraflı məlumatı www.folklor.az saytından ala bilərsiniz.