Canım-gözüm Qarabağ...
Onu həmişə belə vəsf etmişik, şəninə şeirlər, mahnılar qoşulub, gözəlliyi cənnətə tay tutulub...
İsmayıl Hüseynov Qarabağın cənnət gözəlliyini görməyib, onun haqqında ancaq eşitdiklərindən, şeir və mahnılardan xəbər tutub.
Amma harayına birincilər sırasında hay verib. Ötən ilin iyulunda ermənilərin Tovuza hücumundan sonra könüllü olaraq orduya yazılıb. Sentyabrın 27-də cəbhəyə yola düşüb. 22 yaşı tamam olandan 9 gün sonra...
Müharibənin ilk günlərindən Cəbrayıl-Qubadlı istiqamətində gedən döyüşlərdə iştirak edib. 25 günlük döyüş yolunda çox hadisələrin şahididir. Hərbi əməliyyatların birində İsmayıl xoş təsadüf nəticəsində ölümdən xilas olub. Cəbrayılın kəndləri uğrunda döyüş gedərkən onlar təpənin ən hündür nöqtəsinə doğru irəliləyərək düşmən atəşinə cavab verirdilər. Bu vaxt təpənin aşağısına düşən minomyotun mərmiləri ətrafa səpələnib. Həmin vaxt Neftçaladan olan əsgər yoldaşı Məhəmməd Xandəmirov cəld hərəkətlə İsmayılın başını aşağı əyməsəydi, qəlpələr onu da hədəf seçəcəkdi...
Yenə də Cəbrayılın kəndlərindən birində ətrafa dağılan qəlpələr yanındakı döyüş yoldaşı ilə onu öz qurbanına çevirə bilərdi. Bu dəfə də İsmayıl həm özünü, həm də yanındakı döyüş yoldaşını mərminin hədəfindən kənara çəkə bilib.
Oktyabrın 21-i isə onun iştirak etdiyi son döyüş günü olub. Əməliyyatdan əvvəl döyüş yoldaşı ilə yaxınlıqdakı nar bağına girib. Barlı budaqlardan sallanan qıpqırmızı iki nar dərərək “əməliyyatdan sonra yeyərik” deyib.
Döyüşün qızğın yerində yaxınlığına düşən minomyot mərmisinin güclü dalğası İsmayılı göyə tullayıb. Yerə düşəndə dizində getdikcə şiddətlənən sızıltı, bədəninə dolan qəlpələrin dəhşətli ağrısını hiss edib. Dişləri sındığından ağzı qanla dolmuşdu, boğazından və gözlərindən qan axırdı. Özünü toplayaraq yaxınlıqdakı kola qədər sürünüb. Dəhşətli ağrı içində olsa da, hər şey kino lenti kimi gözləri önünə gəlir: atası Məhəmməd, anası Səadət, bacıları Şəhla, Lalə, Cəlilabadda oxuduğu Zərifə Əliyeva adına 7 nömrəli tam orta məktəb, Qazaxda hərbi xidmət illəri, qohumlar-dostlar, haqq savaşı meydanında qardaş kimi doğmalaşdığı döyüş yoldaşları...
Atəş səsləri ara vermir, döyüş davam edirdi. Ağrılar getdikcə şiddətlənir, gözləri heç nəyi görmürdü. Elə bu vaxt iki döyüş yoldaşı onu yerdən qaldıraraq yaralıları aparan maşına çatdırırlar...
Altı gündən sonra Silahlı Qüvvələrin Baş Klinik Hospitalında koma vəziyyətindən ayılır. Huşu özünə gəlir, gözünü açır və... hər tərəfi qaranlıq görür.
İsmayılın gözləri dünya işığını itirmişdi...
Vətən müharibəsi qazisinə birinci qrup əlillik dərəcəsi verilib. “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.
Canım-gözüm Qarabağ...
O, nə Qarabağ haqqında şeir deyib, nə mahnı oxuyub, nə də şüar səsləndirib. Amma Qarabağ üçün haqq savaşında onun əzəli sahiblərinə qayıtması üçün nə lazımsa onu edib. Canını da qurban verməyi əsirgəməyib, bir cüt gözünü də...