Dünya tarixinin ən möhtəşəm abidələrindən olan Roma Kolizeyində qladiator döyüşlərinin keçirildiyi arena bərpa ediləcək. “Milan İngegneria” şirkəti arenanın yüksək texnologiyalar əsasında bərpası üçün elan edilmiş beynəlxalq tenderin qalibi olub. İtaliyanın mədəniyyət naziri Dario Françeskini bildirib ki, smeta dəyəri 18,5 milyon avroya çatan bərpa işləri bu ilin sonunda başlayacaq və 2023-cü ildə yekunlaşmalıdır.
“Milan İngegneria” şirkətindən bildirilib ki, asanlıqla sökülə bilən və çevik strukturlu platforma yüksək texnologiyalar əsasında hazırlanacaq. Kolizeyə baş çəkən insanların arenada hərəkəti mobil panellər üzərində mümkün olacaq və bunu təmin etmək üçün panellər heç bir mexaniki bağlantılar olmadan divar strukturları üzərinə yerləşdiriləcək. Üç min kvadratmetr sahəyə malik bu panellər sayəsində Kolizeyin arenasında hərəkət edən insanlar iki min il bundan öncə qladiator döyüşlərinin keçirildiyi bu meydan və onu əhatə edən tamaşaçı sektorları barədə daha aydın təsəvvürlərə malik olacaqlar. Ağac materialından hazırlanan panellərin bir hissəsi hərəkətli arakəsməli olacaq və bu da həm arenanın alt qatını gün işığı ilə təmin edəcək, həm də ölüm-dirim savaşına çıxmazdan öncə qladiator və vəhşi heyvanların saxlandığı kameralara baxış imkanı yaradacaq.
Eramızın 70-80-ci illərində inşa edilən və dünyada ən böyük antik amfiteatr sayılan Roma Kolizeyi qladiator və vəhşi heyvan döyüşlərinin, eləcə də ictimai edamların keçirildiyi məkan olub. Təxminən 450 il Roma sakinlərinin əsas əyləncə yerlərindən biri olan və 70 min tamaşaçı tutan Kolizey hazırda şəhərin və ümumilikdə İtaliyanın simvolları sırasında yer alır. 2019-cu ildə Kolizeydə 7,6 milyon turist olub.