Müasir Azərbaycanın poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi Musa Yaqub mayın 7-də, 84 yaşında dünyasını dəyişib.

Musa Yaqub (Musa Səfiməmməd oğlu Yaqubov) 1937-ci il mayın 10-da İsmayıllı rayonunun Buynuz kəndində anadan olub. Göyçay Pedaqoji Məktəbini bitirdikdən sonra  Tircan kənd orta məktəbində müəllim (1957-1958), Buynuz kənd ibtidai məktəbində müəllim və müdir (1958-1967) işləyib. ADU-nun filologiya fakültəsində qiyabi təhsil alıb (1967-1973). Həmin illərdə Buynuz kənd 8 illik məktəbinin müdiri olub. İsmayıllı rayonunda çıxan "Zəhmətkeş" qəzetinin redaktoru olub.

Bakıya köçəndən sonra Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatı təbliğ bürosunda direktor müavini, "Azərbaycan" jurnalında poeziya şöbəsinin müdiri vəzifəsində çalışıb (1974-1978).

Ədəbi fəaliyyətə 1957-ci ildə "Azərbaycan" qəzetində çap olunan "İki qəlb, iki dünya" poeması ilə başlayıb. “Ürəyimdə yerin qaldı”, “Ruhumla söhbət”, “Dövrün dəyirmanı” və s. kitabların müəllifidir.

Musa Yaqub 1995-2000-ci illərdə 1-ci çağırış Milli Məclisin deputatı  olub.

2019-cu ildə Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafında xidmətlərinə görə “Xalq şairi” fəxri adına layiq görülüb.

***

Xalq şairi Musa mayın 8-də doğulduğu İsmayıllı rayonunun Buynuz kəndinin qəbiristanlığında, həyat yoldaşının məzarının yanında torpağa tapşırılıb.

Mərasimdə şairin ailə üzvləri, yaxınları, Mədəniyyət Nazirliyinin, Azərbaycan Yazıçılar Birliyinin nümayəndələri, Milli Məclisin deputatları Tahir Kərimli, Novruz Aslan, Xalq şairi Sabir Rüstəmxanlı, yazıçı Seyran Səxavət, şair Maarif Soltan, Əməkdar artist Ağalar Bayramov, başqa ədəbiyyat və mədəniyyət xadimləri, ictimaiyyət təmsilçiləri iştirak ediblər.

Allah rəhmət eləsin.