Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) tərəfindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilmiş videokonfrans keçirilib. “Ümummilli lider Heydər Əliyevin informasiya siyasəti və Azərbaycan mediasının inkişafı” mövzusunda onlayn tədbirə media nümayəndələri və ekspertlər qatılıb.

Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov “Heydər Əliyev və müstəqillik dövründə dövlət-media siyasəti” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi qeyd edib ki, müasir Azərbaycan mediasının inkişafı ulu öndərin adı ilə bağlıdır. Mətbuat üzərində senzuranın aradan qaldırılması, mütərəqqi qanunvericilik bazasının formalaşdırılması, medianın maddi-texniki bazasının möhkəmləndirilməsi dahi şəxsiyyət Heydər Əliyev tərəfindən mətbuatımızın inkişafına verilmiş töhfələrdir. Ümummilli lider Heydər Əliyevin azad mətbuatın inkişafı sahəsində müəyyən etdiyi siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, media sahəsində islahatların daha da dərinləşdirilməsi istiqamətində məqsədyönlü tədbirlərin uğurla həyata keçirildiyi vurğulanıb.

Videokonfransda iştirak edən media ekspertləri və nümayəndələri müstəqil medianın inkişafında Heydər Əliyevin tarixi rolunu vurğulayaraq informasiya siyasətindən və müasir medianın yeni çağırışlarından danışıblar. Ulu öndərin vaxtilə müsahibələrinin birində medianın mahiyyətini dəqiqliklə ifadə edən “media dövlət ilə cəmiyyəti birləşdirən canlı sinirdir” fikri tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Mediaya verilmiş bu tərifin elmi, nəzəri və praktiki baxımdan aspektləri müzakirə edilib və müasir çağırışlar dönəmində də aktual olması vurğulanıb.