Tanınmış azərbaycanlı rəssam Eldar Zeynalov Türkiyədə vəfat edib. E.Zeynalov koronavirusdan müalicə aldığı Nazilli Dövlət Xəstəxanasında (Aydın vilayəti) həyatını itirib.

Eldar Zeynalov 1961-c ildə Naxçıvanda anadan olub. Əzim Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbində, Dnepropetrovsk İnşaat mühəndisləri İnstitutunun memarlıq fakültəsində, Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda, həmçinin Moskva Memarlıq İnstitutunda təhsil alıb. 1995-ci ildə Sloveniyada Beynəlxalq Bioenerji Texnologiya Akademiyanın ("World Akademi of Bioenergotehnologi") dinləyicisi olub.

Rusiya, İtaliyada, Avstriyada, Almaniyada, Sloveniyada yaşayıb və yaradıcılıqla məşğul olub. Bir müddət yaradıcılıq fəaliyyətini doğma yurdu Naxçıvanda da davam etdirən Eldar Zeynalov xüsusən irihəcmli divar rəsmləri yaratmaqla məşğul olub. Eyni zamanda  peyzaj və  portretlər çəkib.

Rəssam bir çox xarici ölkələrdə, paytaxt Bakıda sərgilərin iştirakçısı olub. 2014-cü ildə Naxçıvanda, B.Kəngərli adına sərgi salonunda fərdi sərgisi uğurla keçib. 2018-ci ilin mayında "İslam mədəniyyətinin paytaxtı" Naxçıvanda “Naxçıvan – bəşəriyyətin beşiyi" IV Beynəlxalq Rəsm Festivalında iştirak edib.

Rəssam yaşayıb-çalışdığı bir çox yerlərdə monumental divar rəsmləri ərsəyə gətirib. Aydın vilayəti Karacasu bələdiyyə başqanı Zeki İnal onun ölüm xəbərini sosial media hesabından bildirərkən bunu xüsusi vurğulayıb: “Bələdiyyəmizin fasadında rəsm işləri görən azərbaycanlı rəssam və memar Eldar Zeynalov COVİD-19 səbəbi ilə müalicə gördüyü Nazilli Dövlət Xəstəxanasında həyatını itirib. Dəyərli sənətçimizə Allahdan rəhmət, yaxınlarına və sevənlərinə səbr arzu edirəm”.

Allah rəhmət eləsin.