Ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov mayın 11-də Bakı şəhərindəki Müqəddəs Məryəm Mövlud kilsəsini ziyarət edib, burada aparılan bərpa işlərinin gedişi ilə tanış olub.

Rusiya XİN rəhbərinə məlumat verilib ki, bu məbədin binası 1896-cı ildə xeyriyyə vəsaitləri hesabına inşa edilib. Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra kilsənin fəaliyyəti dayandırılıb, onun binasından kazarma kimi istifadə edilib.

1944-cü ildə Müqəddəs Məryəm Mövlud kilsəsi yenidən öz qapılarını dindarların üzünə açıb. Bu, SSRİ-də uzun illər boyu dinə qadağa qoyulandan sonra Azərbaycanda fəaliyyətə başlamış ilk xristian məbədi idi.

Müqəddəs Məryəm Mövlud kilsəsi təkcə ibadət məkanı deyil. Kilsənin nəzdində pravoslav ədəbiyyatı kitabxanası, uşaqlar üçün bazar günü məktəbi, yaşlılar üçün katexizis məktəbi və xeyriyyə yeməkxanası da fəaliyyət göstərir.

2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə məbəddə genişmiqyaslı bərpa işləri başlanıb.

Rusiya XİN rəhbəri və Rusiya nümayəndə heyətinin üzvləri kilsənin inzibati binasında da olublar.

***

Sergey Lavrov mayın 11-də Bakıdakı “Qardaşlıq məzarlığı” xatirə kompleksini ziyarət edib.

İkinci Dünya müharibəsində faşizmə qarşı mübarizədə həlak olmuş qəhrəmanların xatirəsi ehtiramla yad olunub, kompleksin önünə əklil və gül qoyulub.

Rusiyanın xarici işlər naziri mayın 11-də Fəxri xiyabanda xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını, həmçinin Şəhidlər xiyabanını ziyarət edib.