2020-ci ilin noyabr ayında ölkəmizin tarixi  Zəfəri ilə nəticələnən İkinci Qarabağ müharibəsindən təsirlənən dünyanın müxtəlif ölkələrindəki azərbaycanlı sənətçilər, mədəniyyət, ədəbiyyat təmsilçiləri və Azərbaycanın dostları “Qarabağ uğrunda” həmrəylik cəmiyyətini yaradıblar. Məqsəd müxtəlif təşəbbüslər, bədii proqramlar vasitəsilə Qarabağda sülhün bərqərar olmasına, dinc həyatın bərpasına dəstək verməkdir.

Cəmiyyətin təşəbbüsü ilə “Qarabağa sülh, sevgi və ümid” adlı qlobal xeyriyyə konserti təşkil ediləcək. Dünyanın bir çox ölkələrindən mədəniyyət xadimləri bu virtual konsert proqramının məzmunu üzərində çalışıb. Proqramın bədii rəhbəri bir tərəfi əslən Şuşadan olan və hazırda Texas ştatında yaşayan Cəmilə Cavadova-Spitzberq Azərbaycan Dövlət Konservatoriyasını bitirdikdən sonra 1986-91-ci illərdə Ağdam Musiqi Texnikumunda dərs deyib. O, "Azərbaycan-Amerika Musiqi Fondu"nun təsisçisidir.

“Qarabağ uğrunda” cəmiyyəti haqqında məlumat verən C.Cavadova-Spitzberq deyib: “İdeyanın arxasında dayanan ən güclü amil səmimiyyətdir. İlk təşəbbüsümüz olan xeyriyyə konsertinin məqsədi 44 günlük Qarabağ müharibəsi nəticəsində psixoloji əziyyətlərə, depressiyaya məruz qalmış insanlara yardım göstərməkdir. Ruh sağlamlığı – cəmiyyətin sağlamlığı deməkdir, sülhün, əmin-amanlığın rəmzidir. Bununla yanaşı, Qarabağdakı mədəni irsimizin dirçəlişinə də dayaq olmağa ümid edirik. İnanırıq ki, dünyadakı insanlar bu nəcib işi dəstəkləmək üçün səsimizə səs verəcəklər".

“Qarabağa sülh, sevgi və ümid” konserti iki hissədən ibarətdir. Birinci hissə mayın 22-də, ikinci hissə isə mayın 23-də Nyu-York vaxtı ilə günorta saat 12:00-da, Bakı vaxtı ilə 20:00-da www.forkarabakh.com saytı vasitəsilə yayımlanacaq.

Proqram müxtəlif təşkilatların və fərdi insanların səyləri nəticəsində baş tutacaq. Bura ABŞ-ın Men ştatının Azərbaycan Cəmiyyətini, Bakı-Hyuston Qardaşlaşmış Şəhərlər Assosiasiyasını, Florida-Azərbaycan Mədəniyyət Cəmiyyətini, “Mənim yolum” ("My way") Uşaq İnkişaf Mərkəzini, Amerika Azərbaycan Cəmiyyətləri Konqresini, həmçinin Britaniya-Azərbaycan Cəmiyyətini, İsrail-Azərbaycan Beynəlxalq Birliyini (AZIZ), Fransa Azərbaycan Dialoq Assosiasiyasını və onların rəhbərlərini, Tərlan Əhmədov, İradə Axundova, Alyona Bədəlova, Töhfə Eminova, Aqil Hüseynov, Fəridə Pənahova, Yeganə Salman və Aytən Muradovanı aid etmək olar. Proqramın bədii şura üzvləri Zümrüd Dadaşzadə, Nigar Axundova, Günel Rzayeva, Cahangir Novruzov, Aysel Rəcəbli, İslam Manafovdur. TRT Ankara Televiziya Yayım Prodüseri İradə Rəfizadə proqramın istehsalına rəhbərlik edib. Proqram Azərbaycan-Amerika Tibb Birliyi tərəfindən maliyyələşdirilib.

“Qarabağa sülh, sevgi və ümid” adlı xeyriyyə konsertində ianə üçün bu keçiddən istifadə etmək olar:

https://forkarabakh.com/peace-for-karabakh/