Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü bölgələrdəki mədəniyyət müəssisələrində müxtəlif tədbirlə qeyd olunub.

Bərdə Regional Mədəniyyət İdarəsinin kollektivi tərəfindən əbədiyaşar liderin Bərdə rayon Mədəniyyət Mərkəzindəki büstü önünə gül dəstələri qoyulub. Regional idarənin rəisi İlyas Hacıyev ümummilli liderin mənalı ömür yolundan və zəngin dövlətçilik fəaliyyətindən bəhs edib.

Daha sonra idarənin kollektivi ulu öndərin adını daşıyan parka gələrək görkəmli dövlət xadiminin abidəsi önünə gül dəstələri qoyaraq ehtiramlarını bildiriblər.

***

Şəki Regional Mədəniyyət İdarəsi Zaqatala rayon MKS tərəfindən “Ulu öndər, sən daim bizimləsən” adlı videokonfrans keçirilib. Konfransda MKS-nin direktoru Gülniyar Məmmədova “Heydər Əliyev böyük siyasətçi kimi” mövzusunda məruzə ilə çıxış edib.

***

Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Elbəy Əli, idarənin əhatə etdiyi Ağstafa, Qazax və Tovuz rayonlarında fəaliyyət göstərən mədəniyyət müəssisələrinin rəhbərləri ulu öndərin hər üç rayonda ucaldılmış abidələrini ziyarət ediblər. İdarənin rəisi Elbəy Əli çıxış edərək bildirib ki, bu günlər ölkəmizin hər yerində, azərbaycanlıların yaşadıqları və fəaliyyət göstərdikləri ölkələrdə Heydər Əliyevin doğum günü qeyd edilir. Keçirilən bütün tədbirlərdə ulu öndərin Azərbaycan xalqı, dövləti üçün etdiyi mühüm tarixi xidmətlərindən geniş söhbətlər açılır, xatirəsi daim əziz tutulur.

***

Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətovun rəhbərliyi ilə bir qrup mədəniyyət işçisi şəhərin baş meydanında yerləşən ulu öndərin abidəsini ziyarət edərək önünə çiçəklər düzüblər.

***

Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov, aparatın əməkdaşları və tabe müəssisələrin rəhbərləri ulu öndərin şəhərin Heydər Əliyev parkı ərazisində yerləşən abidəsini ziyarət edib, abidə önünə gül-çiçəklər qoyublar.

***

Ümummilli liderin doğum günündə Lənkəran şəhərinin Heydər Əliyev xatirə parkındakı abidəsi ziyarət olunub. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə və təşkilatların təmsilçiləri və gənc könüllülər ulu öndərin abidə önünə çiçəklər düzüblər.

***

Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə və idarənin əməkdaşları Sabirabad rayonunun mərkəzi meydanında ulu öndərin abidəsi önünə gül dəstələri qoyub, əziz xatirəsini ehtiramla yad ediblər.

NURƏDDİN