Mayın 12-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşada “Xarıbülbül” Musiqi Festivalı başlayır.

1989-cu ildə Şuşada ilk dəfə keçirilmiş festival 32 il sonra yenə Cıdır düzündə keçiriləcək. Festival 12-13 may tarixlərində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə gerçəkləşəcək. Azərbaycanda yaşayan müxtəlif xalqların musiqi kollektivlərinin çıxışı, xalq musiqisi və klassik musiqidən ibarət proqram təqdim ediləcək.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri mayın 12-də Şuşa şəhərinə gediblər. 

Mehriban Əliyeva rəsmi “İnstaqram” səhifəsində Prezident İlham Əliyevlə Qarabağa növbəti səfərdən görüntülər paylaşıb.

Paylaşımda deyilir:

“Əziz bacılar və qardaşlar!

Böyük qürurla sizə bildirirəm ki, bu gün əlamətdar gündür. Azərbaycanın mədəniyyət paytaxtı elan olunmuş bizim qədim doğma Şuşa şəhərimizdə “Xarıbülbül” musiqi festivalı dirçəlir. Neçə illik həsrətdən sonra əfsanəvi Cıdır düzündə yenidən Azərbaycan muğamı səslənəcək. Böyük məmnuniyyətlə Qarabağa səfərimizin görüntülərini sizinlə paylaşıram”.

Dövlət başçısı telefonla çəkilmiş görüntülərdə Şuşaya getdiklərini və yolüstü Xocavənd rayonunda çay içdiklərini bildirib: “Biz Şuşaya gedirik. Şuşada “Xarıbülbül” Musiqi Festivalı keçiriləcək. Yolüstü Azərbaycanın dilbər guşələrindən biri olan Xocavənd rayonuna gəldik. Burada təbiətin qoynunda, armudu stəkanda çay içirik. Necə ki, Cıdır düzündə çay içmişik, indi isə Xocavənddə çay içirik. Bu qədim Azərbaycan torpağında Azərbaycan xalqı bundan sonra əbədi yaşayacaq. Eşq olsun Azərbaycan xalqına. Yaşasın Azərbaycan!”