Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva mayın 12-də Şuşa Rəsm Qalereyasında görülən işlərlə tanış olublar.

Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya qalereyada aparılan işlər barədə məlumat verilib.

Bildirilib ki, burada qaytarılmış Qarabağ xalçalarının sərgisi, “Qarabağ işğaldan əvvəl və sonra”, “Azərbaycan rəssamlarının motivlərində Qarabağ” adlı sərgilərin keçirilməsi nəzərdə tutulur.

***

Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları mayın 12-də Şuşa Yaradıcılıq Mərkəzinin yerləşəcəyi bina ilə tanış olublar.

Dövlətimizin başçısı İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya mərkəzdə görüləcək işlər barədə məlumat verilib.

Bildirilib ki, bu binada Ağa Qəhrəman Mirsiyab oğlunun Karvansarası yerləşib. Ölkə əhəmiyyətli memarlıq abidəsi XVIII əsrə aiddir. Dövlətimizin başçısı görüləcək işlərlə bağlı tapşırıqlarını verib.

***

Prezident və birinci xanım Şuşada xan qızı Natəvanın sarayına baxış keçiriblər.

Şuşa şəhərində Xan qızı Natəvanın evi də işğal dövründə dağıdılıb. Azərbaycanda yaradılan ilk uşaq musiqi məktəbi olan Şuşa Musiqi Məktəbi Xan qızı Natəvanın evində fəaliyyətə başlamışdı. XVIII əsrə aid tarix-memarlıq abidəsi erməni vəhşiliyinin, vandalizminin qurbanı olub.

Dövlətimizin başçısına məlumat verilib ki, işğal zamanı binaya dəyən ziyanın qiymətləndirilməsinə artıq başlanılıb. Bu prosesdən sonra burada bərpa işlərinə start veriləcək.