Mayın 12-də Şuşada “Xarıbülbül” hotelinin yenidənqurmadan sonra açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva açılışda iştirak ediblər.

Dövlətimizin başçısı oteldə yaradılan şəraitlə tanış olub.

Məlumat verilib ki, hoteldə ümumilikdə 49 otaq var. Onların hamısı qonaqların qalması və rahat istirahət etməsi üçün bütün zəruri infrastrukturla təchiz olunub. Bu cür obyektlərin istifadəyə verilməsi Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın turizm potensialının möhkəmləndirilməsində çox mühüm rol oynamaqla yanaşı, işğaldan azad edilmiş ərazilərimizdə, o cümlədən tarixi Şuşa şəhərində icra olunan sosial layihələrin ardıcıl və sürətlə davam etdiyini göstərir.

Prezident və birinci xanım “Xarıbülbül” hotelinin nəzdindəki 48 mənzilli korpusda və kotteclərdə yaradılan şəraitlə də tanış olublar. Qeyd olunub ki, bu obyektlər də müasir səviyyədə yenidən qurulub.