“Azərbaycanım” IV Respublika uşaq rəsm festivalı çərçivəsində elan edilən müsabiqəyə seçimlər başa çatıb və festival iştirakçıları müəyyənləşib.

Müsabiqə Mədəniyyət Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı və Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə keçirilir.

“Nizami Gəncəvi İli” çərçivəsində təşkil olunan müsabiqə rəssamlıq istedadına malik uşaq, yeniyetmə və gənclərin yaradıcılıq duyğularını və bədii zövqünü inkişaf etdirmək, onların yaradıcılığını stimullaşdırmaq, doğma Vətənə məhəbbət hisslərini artırmaq, həmçinin rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində göstərdiyi qəhrəmanlığı gənc nəslə aşılamaq məqsədilə keçirilib.

Müsabiqədə 150-dən çox məktəb, yaradıcılıq mərkəzi və dərnək təmsil olunub. Ölkəmizin müxtəlif bölgələrindən qatılan 1500-ə yaxın yeniyetmə və gəncin təqdim etdiyi 2000-dən çox əsərin arasından sərgilənmək üçün 500-ə yaxın əl işi seçilib.

Rəsmləri sərgilənən müəlliflər sertifikatla və müsabiqənin iştirakçıları olan fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaqlar.

Həmçinin, 3 yaş kateqoriyası üzrə ən yaxşı 30 əsərin müəllifi festivala dəvət olunacaq, festival iştirakçıları diplom və hədiyyələrlə mükafatlandırılacaq.

Sərginin kataloquna Azərbaycan Dövlət Rəsm Qalereyasının və Xətai Sənət Mərkəzinin sosial media hesablarından, həmçinin aşağıdakı linkə keçid etməklə baxmaq olar.

https://www.yumpu.com/xx/document/read/65626616/azerbaycanm-4-cu-usaq-rsm-festivali-cercivesinde-onlayn-resm-sergisi-2021

Tədbirin mətbuat dəstəkçiləri AZƏRTAC, Lider TV, “Olaylar” və “Mədəniyyət” qəzetləri, Edumap, Eduonline.az, Frame.az portalları, “Tanışolaq” jurnalıdır.