Fransanın kütləvi informasiya vasitələrinin nümayəndələri Gəncəyə səfər ediblər. Heyət 2020-ci ildə İkinci Qarabağ müharibəsi zamanı cəbhə zonasından kənarda yerləşən Gəncəyə Ermənistan silahlı qüvvələrinin raket hücumlarının, dinc əhaliyə qarşı törədilən müharibə cinayətlərinin izləri ilə tanış olub.

Qonaqlara məlumat verilib ki, Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə konvensiyalarını və onların Əlavə protokollarını, habelə özlərinin israrlı xahişləri əsasında razılaşdırılmış humanitar atəşkəs rejiminin tələblərini pozaraq, Azərbaycanın yaşayış məntəqələrini ağır artilleriya ilə hədəfə alıb.

2020-ci il oktyabrın 11-də və 17-də Ermənistan ərazisindən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə məqsədli şəkildə ballistik raketlərlə atəşə tutulub. Gecə saatlarında yatmış şəhərə edilmiş raket hücumları nəticəsində 1 körpə, 5 uşaq, 10 qadın da olmaqla 30 dinc sakin həlak olub, 90-dan çox insan yaralanıb.

Müharibə cinayətlərindən biri də Bərdə rayonunun hədəfə alınmasıdır. 2020-ci il oktyabrın 27-də və 28-də Bərdə şəhərinin beynəlxalq səviyyədə qadağan edilmiş kasetli raketlərlə atəşə tutulması nəticəsində isə 1 uşaq, 8 qadın olmaqla 27 dinc sakin həlak olub, çoxlu sayda mülki şəxs xəsarət alıb.

Fransalı media nümayəndələri erməni terroru zamanı həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq, dağılmış evlərin və binaların ətrafına gül düzüblər.