Maldiv adaları əsrin sonunadək yoxa çıxa bilər
Dünya iqlim dəyişikliyi və qlobal istiləşməyə qarşı səmərəli mübarizə aparmasa, XXI əsrin sonlarına qədər bir çox adalar su altında qala bilər. Bu baxımdan ən böyük təhlükə hazırda dünyanın turizm cənnəti kimi tanınan Maldiv adalarını gözləyir.
Ölkənin ətraf mühit, iqlim dəyişikliyi və texnologiya naziri Aminat Şauna bildirib ki, ətraf mühit indiki kimi zərər görərsə, 2100-cü ilədək Maldiv adaları mövcud olmayacaq: “İqlim dəyişikliyi realdır və biz dünyanın ən həssas ölkəsiyik”.
Maldiv adalarının 80 faiz ərazisinin dəniz səviyyəsindən cəmisi 1 metr yüksəklikdə yerləşdiyini qeyd edən A.Şauna vurğulayıb ki, adaların əksəriyyətində daşqın və sahil xəttinin aşınması qeydə alınıb.
Nazir onu da bildirib ki, Maldiv hökuməti iqlim dəyişikliyinin təsirini minimuma endirmək üçün tədbirlər görür, o cümlədən atmosferə istixana qazı tullantılarının azaldılması prosesində öncül olmağa çalışır. Lakin bu qlobal prosesdə bütün dünyanın iştirakı vacibdir.
Hind okeanında yerləşən Maldiv adalarının ərazisi hazırda 300 kvadrat kilometrə yaxındır. Ərazisinə görə dünyada 186-cı yerdədir. Əhalisi 400 min nəfərdir (dünya üzrə 180-ci yer).