Həyat üçün təhlükədir
Həddən artıq işləmək və iş gününün normadan artıq sürməsi hər il yüz minlərlə insanın erkən ölümünə səbəb olur.
Dünya Səhiyyə Təşkilatı (DST) və Beynəlxalq Əmək Təşkilatının (BƏT) sifarişi əsasında elmi araşdırma aparılıb. Nəticədə məlum olub ki, həftəlik 55 saat və daha çox işlədiklərinə görə, 2016-cı ildə dünya üzrə 398 min insan insultdan, 347 min insan isə ürək-damar xəstəliklərindən erkən vəfat edib.
Araşdırmalar zamanı müəyyən edilib ki, həftəlik iş yükü 55 saatdan yuxarı olan insanlarda ürək-damar xəstəliklərinə tutulma riski artıb. Bir tərəfdən fiziki və psixi yüklənmə bu xəstəliklərə yol açır, digər tərəfdən isə asudə vaxtın çatışmazlığından hərəkət məhdudluğu və yuxusuzluq vəziyyətə mənfi təsir göstərir.
Mütəxəssislər hesab edirlər ki, koronavirus pandemiyası bu vəziyyətə daha da ağırlaşdırıcı təsir göstərib. Evdən işləyən insanlarda iş saatı və asudə vaxt arasında sərhədləri çox vaxt müəyyən etmək olmur. Pandemiyaya görə işçilərin sayını ixtisar etməli olan şirkətlərdə çalışanların iş yükü daha da artır. Hər iki beynəlxalq qurum buna görə də əmək qanunvericiliyinin icrasını gücləndirməyə və bu istiqamətdə qanuni boşluqları doldurmağa çağırış ediblər.
CAVİD