Ekvadora aid olan Qalapaqos adalarında dalğıclar arasında məşhur olan “Darvin tağı” adlı qaya dağılıb. Ekvadorun Ətraf Mühit Nazirliyi qayanın dağılmasını təbii aşınma ilə izah edib.
“Darvin tağı” 234 ada və qayalardan ibarət arxipelaqa daxil olan, insanların yaşamadığı Kulpepper adasından 1 kilometr məsafədə yerləşirdi. Arxipelaqın yaşayış olan dörd adasında təxminən 30 min insan məskunlaşıb.
Qalapaqos adaları materikdən min kilometr aralıda yerləşir. Adalar flora və fauna müxtəlifliyi ilə tanınır. XIX əsrdə məşhur ingilis alimi Çarlz Darvin burada tədqiqatlar aparıb və sözügedən qaya-tağa da onun adı verilmişdi.