Niderland Krallığının Rotterdam şəhərində keçirilən “Eurovision 2021” mahnı müsabiqəsinin qalibi İtaliya təmsilçisi olub. Rotterdamın “Ahoy” arenasında mayın 22-də gecə saatlarında yekunlaşan yarışmada İtaliyanın “Maneskin” rok qrupu (“Zitti E Buoni” mahnısı ilə) 524 bal toplayaraq 1-ci olub.
Qeyd edək ki, ifaçıların ümumi nəticələri iştirakçı ölkələr üzrə həm peşəkar jürinin səsinin, həm də tamaşaçı səsverməsinin (SMS) cəmi ilə müəyyənləşib.
Öncə “Eurovision 2021”in iştirakçısı olan ölkələrin jüri səsləri elan olunub. Bu sıralamada ilk üç yeri İsveçrə (267 bal), Fransa (248) və Malta (208) tutub. İtaliya 206 səslə 4-cü olub.
Ölkələrdən gələn tamaşaçı səsi isə yekun sıralamanı müəyyən edib. İtaliya rok qrupu SMS səsverməsindən 318 bal əldə edərək (toplam 524 bal) birinci olub. İkinci yeri Fransa (499 bal), üçüncü yeri İsveçrə (432 bal) təmsilçiləri tutub.
İlk onluqda həmçinin İslandiya (378 bal), Ukrayna (364), Finlandiya (301), Malta (255), Litva (220), Rusiya (204) və Yunanıstan (170) yer alıb.
Azərbaycanı yarışmada təmsil edən Samirə Əfəndi (“Mata Hari” mahnısı) cəmi 65 bal (32 – jüri, 33 – tamaşaçı səsverməsi) toplayaraq 20-ci yerdə qərarlaşıb.
Müsabiqənin finalında iştirak edən 26 ölkə arasında tarixi “antirekord”a isə Böyük Britaniya imza atıb: həm münsiflər, həm də tamaşaçı səsverməsində 0 bal.
Qeyd edək ki, sayca 65-ci “Eurovision” mahnı müsabiqəsi ötən il pandemiya səbəbindən ertələnmişdi. 2019-cu ildə İsraildə (Tel-Əviv şəhəri) keçirilmiş 64-cü müsabiqənin qalibi niderlandlı Dunkan Lourens olmuş və ölkəsinə müsabiqəyə ev sahibliyi hüququ qazandırmışdı. 39 ölkənin qatıldığı “Eurovision 2021”in ilk yarımfinalı mayın 18-də, ikinci yarımfinal mayın 20-də keçirilib.
Beləliklə, növbəti, 66-cı “Eurovision” müsabiqəsi Avropada musiqinin (o cümlədən estrada musiqisinin) vətəni sayılan İtaliyada keçiriləcək. İtaliya “Eurovision” tarixində bu müsabiqəyə üçüncü dəfə ev sahibliyi edəcək. Axırıncı dəfə italyanlar qalibiyyəti 1990-cı ildə məşhur Toto Kutunyo ilə əldə etmişdilər.