Azərbaycan Mədəniyyət Nazirliyinin nümayəndə heyəti Rusiya Federasiyasına səfər edib. Nümayəndə heyətinə nazirliyin İncəsənət şöbəsinin müdiri Fərəh Acalova, Kinematoqrafiya şöbəsinin müdiri Rüfət Həsənov və Bakı Xoreoqrafiya Akademiyasının tədris işləri üzrə prorektoru, rektor vəzifəsini müvəqqəti icra edən Əziz Qarayusifli daxildir. Səfərin məqsədi mədəniyyət, incəsənət təhsili və digər sənət sahələrində Rusiya təcrübəsini öyrənmək, fikir mübadiləsi aparmaqdır.
Səfər çərçivəsində Moskvada nazirliyin nümayəndə heyəti ilə Rusiyada yaşayan azərbaycanlı mədəniyyət və incəsənət xadimlərinin görüşü keçirilib. Qonaqlar görüşün əvvəlində dünya şöhrətli Azərbaycan rəssamı, SSRİ Xalq rəssamı Tahir Salahovun xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin Humanitar proqramlar şöbəsinin rəhbəri, fəlsəfə elmləri doktoru Tamilla Əhmədova qonaqları salamlayaraq Rusiya və Azərbaycan arasında mədəni əlaqələrin davamlı şəkildə inkişaf etdiyini vurğulayıb.
Azərbaycanın Rusiyadakı Səfirliyinin mədəniyyət məsələləri üzrə attaşesi Nigar Axundova diqqətə çatdırıb ki, nazirliyin nümayəndə heyətinin iştirakı ilə bir sıra görüşlər keçiriləcək: “Səfər proqramına Rusiya Mədəniyyət Nazirliyinin müvafiq şöbələri, o cümlədən “Roskino”, “Roskonsert”, Moskva Dövlət Filarmoniyası, incəsənət qalereyaları, Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutu, Rusiya Teatr Sənəti İnstitutu (GİTİS), Moskva Dövlət Xoreoqrafiya Akademiyası və digər mədəniyyət qurumları ilə görüşlər daxildir”.
N.Axundova Azərbaycan nümayəndə heyətinin GİTİS-in rektoru ilə ilk görüşün keçirildiyini qeyd edib: “Olduqca maraqlı və səmərəli görüş keçirildi. Ümid edirəm ki, gələcəkdə bu cür səfərlər daha çox olacaq. Bizi maraqlı layihələr gözləyir”.
Bakı Xoreoqrafiya Akademiyasının prorektoru Əziz Qarayusifli çıxış edərək üç gün ərzində Moskvadakı aparıcı sənət akademiyaları, xüsusən də Moskva Dövlət Xoreoqrafiya Akademiyası, Qnesinlər adına Rusiya Musiqi Akademiyasının rektorları ilə görüşəcəyini vurğulayıb: “Həm Rusiya, həm də Avropa universitetləri ilə müqavilələr imzalamışıq. Əməkdaşlığı intensivləşdirməliyik. Rus balet məktəbi dünyanın aparıcı məktəblərindən biridir və əməkdaşlığımızı genişləndirmək istəyirik. Bunun üçün Moskva universitetləri və akademiyalarının aparıcı müəllimləri tərəfindən ustad dərsləri təşkil etmək lazımdır. Müəllim heyətinin mübadiləsini aparmaq zəruridir. Xoreoqrafiyamızın inkişaf səviyyəsini yüksəltmək üçün təkcə ustad dərsləri ilə kifayətlənməməliyik, həm də qabaqcıl rusiyalı müəllimləri Azərbaycana uzunmüddətli işə dəvət etmək istəyirik”.
Ə.Qarayusifli bu cür əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağını bildirib: “Sovet sənət məktəbindən qalan ənənələr də daxil olmaqla, Rusiya ilə ortaq cəhətlərimiz var. Bundan istifadə etməliyik. Düşünürəm ki, birlikdə bir çox faydalı layihələri reallaşdıra bilərik”.
Azərbaycanın Xalq artisti, Böyük Teatrın solisti Dinara Əliyeva çıxış edərək Mədəniyyət Nazirliyinin nümayəndə heyətinin səfərinin əhəmiyyətini yüksək qiymətləndirib. “Mədəniyyət xadimlərinin bir araya gəlməsi hər zaman gözəl hadisədir. Bu gün bizi birləşdirən rəhbərliyimizə təşəkkürümü bildirirəm, hər zaman belə tədbirlərdə iştirak etməyə şadam”, - deyə o bildirib.
İyirmi ildən çoxdur Moskvada çalışan keramika sənətçisi Qərənfil Qurbanova isə deyib ki, saxsı emalatxanasında qablar, plitələr, gil vazalar Azərbaycan mədəniyyətinin motivləri əsasında hazırlanır: “İndi bir çox istedadlı gənclərimiz, fəal insanlarımız Rusiya və Azərbaycanın mədəniyyət sahəsində əməkdaşlığını gücləndirmək üçün çalışmağa hazırdır”.