Xalq rəssamı Bədurə Əfqanlı (1912–2002) Azərbaycan təsviri sənətində, xüsusilə teatr rəssamlığında zəngin irs qoymuş sənətkardır. Onun adı eyni zamanda ilk azərbaycanlı qadın teatr rəssamı kimi incəsənət tariximizdə yaşayır.
Bədurə Məlik qızı Əfqanlı (Ağamalova) 1912-ci ilin 25 oktyabrında Bakı şəhərində anadan olub. Atası Məlik Ağamalov dövrün geniş dünyagörüşlü və tanınmış ziyalılarından biri olub. Övladlarına kiçik yaşlarından ədəbiyyata və incəsənətə məhəbbət aşılayıb.
Hələ erkən yaşlarından Bədurə incəsənətə meyil göstərirdi. Onun ürəyində yuva salan Xəzərin kəhrəba rəngli qumu, gözqamaşdırıcı parlaq günəşi və alçaq damları, yaddaqalan köhnə Bakı bağları, Novxanı kəndi idi.
Bədurənin teatrla ilk tanışlığı da 8 yaşında Novxanıda olmuşdu. Kənd meydançasında “Şaxsey-vaxsey” mərasimi (Məhərrəmlik ayı) səhnəsinə tamaşa etdikdən sonra bu təəssürat altında evdə kiçik səhnəciklər qurur, geyim və dekorasiyalar çəkirdi. Bu işdə ona rəfiqəsi, gələcəyin məşhur balet artisti Qəmər Almaszadə yardım edirdi.
1929-cu ildə Bədurə Əfqanlı Bakı Pedaqoji Texnikumuna daxil olur. Burada oxuduğu illərdə eskizlər və etüdlər üzərində çalışır. Diplom işi V.Şekspirin “Otello” faciəsi olub. Diplom işini uğurla başa vurduqdan sonra o, həyat yoldaşı Rza Əfqanlı ilə 1933-cü ildə Aşqabada işləməyə dəvət alırlar və bir yerdə işləməyə gedirlər.
1934-1935-ci illərdə Aşqabad Dövlət Azərbaycan Musiqili Dram Teatrında işləyən Bədurə xanım burada Üzeyir Hacıbəylinin “Leyli və Məcnun”, Zülfüqar Hacıbəyovun “Aşıq Qərib” operalarının, Hüseyn Cavidin “Şeyx Sənan”, Cəfər Cabbarlının “Sevil” və “1905-ci ildə” pyeslərinin tamaşalarına bədii tərtibat verir.
Bakıya qayıdandan sonra rəssamın həyatında yeni bir dönüş yaranır. O, 1940-cı ildən 1960-cı ilədək Akademik Milli Dram Teatrında quruluşçu rəssam kimi çalışır. İlk işi Əsgər Abbasovla “Müsibəti-Fəxrəddin” tamaşasına (Nəcəf bəy Vəzirov) verdikləri tərtibat olur. Bundan sonra Süleyman Sani Axundovun “Eşq və intiqam”, Vilyam Şekspirin “Otello”, Əbdürrəhim bəy Haqverdiyevin “Dağılan tifaq”, Cəfər Cabbarlının “Od gəlini”, Səməd Vurğunun “Fərhad və Şirin” və başqa əsərlərin tamaşaya hazırlanmasında tərtibatçı rəssam kimi çalışır.
Daha sonra Bədurə xanım Azərbaycan Dövlət Rus Dram Teatrının bir sıra tamaşa, opera, rəqs ansamblı bədii özfəaliyyət kollektivləri üçün geyim eskizləri çəkib. Cəfər Cabbarlının “Aydın”, “Solğun çiçəklər”, İlyas Əfəndiyevin “İşıqlı yollar”, ”Bahar suları”, “Bir evin sirri” tamaşalarında geyim eskizləri məhz ona məxsusdur.
Bədurə Əfqanlı 1960-cı ildən “Azərbaycanfilm” kinostudiyasında geyim üzrə rəssam işləyib. “Koroğlu”, “Leyli və Məcnun”, “Böyük dayaq”, “Dəli Kür”, “O qızı tapın”, “Dədə Qorqud” kimi ekran əsərlərinə geyim eskizləri çəkib.
Onun bir çox əsərləri Azərbaycan Dövlət Rəsm Qalereyasında, Azərbaycan Dövlət Teatr Muzeyində qorunub saxlanılır. Bədurə Əfqanlı teatr sənəti sahəsində xidmətlərinə görə 1949-cu ildə Azərbaycanın “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb. 1974-cü ildə isə ona respublikanın “Xalq rəssamı” adı verilib. Rəssam “Şərəf nişanı” ordeni ilə də təltif olunub.
Həyatının təxminən 70 ilini sənətə həsr etmiş ilk azərbaycanlı qadın teatr rəssamı Bədurə Əfqanlı 2002-ci il mayın 7-də Bakı şəhərində dünyasını dəyişib.
Elminə HƏSƏNOVA
Azərbaycan Dövlət Rəsm Qalereyasının əməkdaşı