Azərbaycan

28 may 1927 – Xalq artisti, tanınmış kamança ifaçısı Habil Mustafa oğlu Əliyev (1927 – 8.9.2015) Ağdaş rayonunun Üçqovaq kəndində doğulub. Uzun illər Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. “Qanun naminə” filmində çəkilib, “Dəli Kür”, “Sarı gəlin” filmlərində musiqiləri ifa edib.

28 may 1936 – Əməkdar artist Aqşin Məmmədəli oğlu Vəlixanov (1936 – 21.7.1998) Bakıda anadan olub. Akademik Milli Dram Teatrında çalışıb. Kinoda, televiziya tamaşalarında çəkilib. 

 

29 may 1939 – Əməkdar mədəniyyət işçisi, kinooperator Həmzə Əhmədoğlu (1939-2008) Bakıda doğulub. “Azərbaycanfilm” kinostudiyasında 40-dan çox filmin çəkilişində iştirak edib.

29 may 1946 – Aktyor, rəssam, Əməkdar incəsənət xadimi Elçin Mehdi oğlu Məmmədov (1946 – 18.2.2001) anadan olub. “Yeddi oğul istərəm”, “Dədə Qorqud”, “Dantenin yubileyi” və s. filmlərdə çəkilib. Ölkəmizdə, eləcə də Rusiya teatrlarında tamaşalara səhnə tərtibatı verib.

 

30 may 1862 – Böyük satirik şair, maarifçi və mütəfəkkir Mirzə Ələkbər Sabir (1862 – 12.7.1911) Şamaxıda doğulub. “Molla Nəsrəddin” jurnalında fəaliyyəti şairin yaradıcılığının ən yetkin, məhsuldar dövrüdür. Ölümündən sonra (1912) şeirləri “Hophopnamə” adlı topluda nəşr olunub.

30 may 1930 – Şair, publisist, Əməkdar mədəniyyət işçisi Fikrət Abbas oğlu Sadıq (1930 – 16.11.2016) Şamaxı şəhərində anadan olub. Uşaqlar üçün əsərlərin   müəllifidir. Kitabları: “İşığın yaşı”, “Ağ cığır”, “Gözlədiyim ömür” və s.

30 may 1948 – Xalq rəssamı Tahir Rəşid oğlu Tahirov (1948 – 12.9.2019) Bakıda anadan olub. Akademik Opera və Balet Teatrında quruluşçu rəssam işləyib, filmlərdə (“Cavad xan”, “Sübhün səfiri” və s.) geyim rəssamı olub.

30 may 1967 – Tanınmış aktyor, rejissor, Əməkdar incəsənət xadimi İsmayıl Mahmud oğlu Əfəndiyev (10.8.1910 – 1967) vəfat edib. “Arşın mal alan” (1945), “O olmasın, bu olsun”, “Qızmar günəş altında” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.

 

31 may 1922 – Xalq artisti, məşhur xanəndə Sara Bəbiş qızı Qədimova (1922 – 12.5.2005) Bakıda anadan olub. Azərbaycan Dövlət Filarmoniyasının, Opera və Balet Teatrının solisti olub, Azərbaycan musiqisinin xaricdə təbliğinə böyük töhfə verib.

31 may 1929 – Bəstəkar, Xalq artisti Oqtay Qədir oğlu Zülfüqarov (1929 – 31.8.2016) anadan olub. Uşaqlar üçün “Əlibaba və qırx quldur” baleti, “Azərbaycan gəncləri” odası, digər musiqi əsərlərinin, 300-dən çox mahnının müəllifidir. Tamaşalara musiqi yazıb.

31 may 1963 – Əməkdar artist, tanınmış xanəndə Zülfi (Zülfüqar) Səməd oğlu Adıgözəlov (1898, Şuşa – 1963) vəfat edib.

 

1 iyun 1920 – Xalq artisti Raxil Solomonovna Ginzburq (1920 – 6.12.1995) Bakıda doğulub. Azərbaycan Dövlət Rus Dram Teatrının aktrisası (1943-cü ildən) olub.

1 iyun 1936 – Xalq artisti, dirijor Nəriman Abbasqulu oğlu Əzimov (1936 – 19.11.2016) Gəncədə doğulub. Azərbaycan Televiziyası və Radiosunun Səid Rüstəmov adına Xalq çalğı alətləri orkestrinin bədii rəhbəri və baş dirijoru olub.

1 iyun 1939 – Ali Sovetin Rəyasət Heyəti Azərbaycan Dövlət Ümumi Kitabxanasına (indiki Milli Kitabxana) M.F.Axundzadənin adının verilməsi barədə qərar qəbul edib. Elmlər Akademiyasının binasında yerləşən kitabxana 1961-ci ildə indiki binasına (arxitektor Mikayıl Hüseynov) köçüb. 1962-ci ildə binada M.F.Axundzadənin büstü (heykəltəraş İbrahim Zeynalov) qoyulub. 

1 iyun 1940 – Əməkdar rəssam Ənvər Əsgər oğlu Əsgərov (1940-2014) Qəbələ rayonunda anadan olub. Abşeronun koloriti, sənaye mənzərələri ilə bağlı tabloların, natürmortların müəllifidir.

1 iyun 1943 – Əməkdar mədəniyyət işçisi Arif İzzət oğlu Həbibi (1943 – 21.1.2021) anadan olub. “Azərbaycanfilm” kinostudiyasında rejissor assistenti, dublyaj rejissoru, Dublyaj şöbəsinin müdiri işləyib.

1 iyun 1944 – Əməkdar artist Mübariz Əlixan oğlu Paşayev (1944 – 31.8.2006) Zəngilan rayonunda doğulub. İrəvan Dövlət Azərbaycan Dram Teatrının, Gənc Tamaşaçılar Teatrının aktyoru olub, filmlərdə (“Qərib cinlər diyarında”, “Dantenin yubileyi” və s.) çəkilib.

1 iyun 1950 – Əməkdar artist Tanilə Aysayevna Əhmərova (1950 – 4.8.2015) Bakıda anadan olub. Filmlərdə yaddaqalan obrazlar yaradıb: “Sevinc buxtası” (Leyla), “Qayınana” (Sevda), “Üzeyir ömrü” (Üzeyirin anası) və s.

1 iyun 1953 – Əməkdar artist, teatr və kino aktyoru Ömür Məlik oğlu Nağıyev (1953 – 31.12.2013) anadan olub. 30-dan çox filmdə çəkilib. Bakı Bələdiyyə Teatrında, Rus Dram Teatrında çalışıb.

 

Dünya

28 may 1779 – İngilis şairi, mütəfəkkir Tomas Mur (Thomas Moore; 1779-1852) anadan olub.

28 may 1934 – Gürcüstanın Xalq artisti Liya Eliava (1934-1998) anadan olub. Azərbaycanda “Dəli Kür” (Şahnigar), “Tütək səsi” (Sayalı) filmlərinə çəkilib.

 

29 may 1874 – İngilis yazıçısı, filosof, jurnalist Gilbert Çesterton (Gilbert Keith Chesterton; 1874-1936) anadan olub. Əsərləri: “Əbədi insan”, “Şar və xaç”, “Uçan meyxana” və s.

 

30 may 1937 – Rusiyanın Xalq artisti Aleksandr Demyanenko (1937-1999) anadan olub. Filmləri: “Qafqaz əsiri”, “İvan Vasilyeviç peşəsini dəyişir” və s.

 

31 may 1887 – Fransız şairi, Nobel mükafatı laureatı (1960) Sen-Jon Pers (Saint-John Perse; 1887-1975) anadan olub.

31 may 1899 – Rus yazıçısı Leonid Leonov (1899-1994) anadan olub. Əsərləri: “Rus meşəsi” (roman), “Canavar”, “Çovğun” (pyeslər) və s.

 

1 iyun 1804 – Rus bəstəkarı Mixail İvanoviç Qlinka (1804-1857) anadan olub. “İvan Susanin”, “Ruslan və Lyudmila” operalarının müəllifidir.

1 iyun 1850 – Türk yazıçısı Şəmsəddin Sami (1850-1904) anadan olub. İlk türk romanı sayılan “Taaşşuk-ı Talat və Fitnat” əsərinin müəllifi, türk dili lüğətinin tərtibçisidir.

1 iyun 1926 – Amerika aktrisası, müğənni Merilin Monro (Marilyn Monroe – əsl adı Norma Jean Mortenson; 1926-1962) anadan olub.

1 iyun 1929 – Hind aktrisası Nərgiz (əsl adı Fatimə Rəşid; 1929-1981) anadan olub. “Avara”, “Cənab 420” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.

Hazırladı:  Vüqar ORXAN