Nizami Gəncəvinin “Xəmsə”si dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanır. “Xəmsə”yə daxil olan beş poema-məsnəvidə bütün zamanların ən humanist, ümumbəşəri idealları parlaq bədii əksini tapıb. “Nizami Gəncəvi İli” qüdrətli söz ustadının misilsiz xəzinə olan ədəbi irsinin təbliği, eyni zamanda tədqiq edilməsi və öyrənilməsi üçün yeni zəmindir.
“Nizami sözündən incilər”də dahi şairin möhtəşəm beşliyindən növbəti seçmələri təqdim edirik.
Kiçik sanma onu kim düşmənindir,
Nərdi xam adamdan udmaq çətindir.
(“Xosrov və Şirin”)
Bir xərabə görsən, qurmağa tələs,
Məsləhət belədir, əməyin itməz.
(“Leyli və Məcnun”)
Hünərli dünyada təxtü-tac alar,
Alçalmaz heç zaman, başı ucalar.
(“Yeddi gözəl”)
İnsan, dostu nacins olarsa əgər,
Ondan yalnız hədsiz pisliklər görər.
İki saf güzgünü üz-üzə qoysan,
Onlarda bir ləkə olmaz heç zaman.
(“İsgəndərnamə” – “İqbalnamə”)
Həm hünər göstərmək, həm də mal üçün
Çalışmaq bir borcdur istiqbal üçün.
(“İsgəndərnamə” – “Şərəfnamə”)
Ürəyin aydınlığı xeyir verər o kəsə
Ki, özü heç danışmaz, qulaq asar hər səsə.
Ürəyin lüğəti ki qəlbdədir, könüldədir,
Onun tərcüməsi də ürəkdəki dildədir.
(“Sirlər xəzinəsi”)