İstanbulun tarixi məkanlarından olan Taksim meydanında haqqında illərdir söhbət gedən, həyata keçirilməsi dəfələrlə ertələnən nəhəng layihə – Taksim məscidi artıq reallıqdır. Mayın 28-də Taksim məscidi ibadətə açılıb.
“Taksim məscidimiz artıq İstanbulun rəmzləri arasında seçilən yerini tutub. İlk cümə namazını qıldığımız Taksim məscidimizin İstanbulumuza, ölkəmizə və İslam dünyasına xeyirli olmasını diləyirəm”, – deyə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində bildirib.
Məscidin İstanbulun fəthinin 568-ci ildönümünə (29 may) hədiyyə olaraq qiymətləndirən Ərdoğan hazırda şəhərin məşhur Barbaros bulvarı səmtində daha bir memarlıq əsərinin – Barbaros Hayrəddin Paşa məscidinin inşasının davam etdiyini bildirib.
Təməli 2017-ci ilin fevralında qoyulan və Türkiyənin ən böyük ibadət məkanlarından biri olan Taksim məscidində eyni anda 2500 nəfər ibadət edə bilər. Məscid açıq hava altında ibadət yerləri ilə birlikdə eyni vaxtda 4 min nəfər qəbul edə bilər. Məscid memarlar Şefik Birkiye və Səlim Dalamanın layihəsi üzrə inşa olunub. 2020-ci ildə istifadəyə verilməsi planlaşdırılan məscidin inşasının tamamlanması pandemiya səbəbindən bir il gecikib.
Ümumilikdə 16 min 500 kvadratmetrlik ərazidə inşa olunan, qapalı hissəsi 2482 kvadratmetr sahəni əhatə edən məscidin hündürlüyü 61 metrdir. Məscid-kompleksin daxilində konfrans və sərgi salonları da fəaliyyət göstərəcək.
Qeyd edək ki, İstanbulun Taksim meydanında məscidin inşa edilməsi ideyası hələ Osmanlı zamanında – XIX əsrdə irəli sürülmüşdü. Cümhuriyyət dövründə – ötən əsrin 50-ci illərindən etibarən məsələ dəfələrlə gündəmə gəlsə də, müxtəlif səbəblərdən rəfə qaldırılmışdı. 1994-cü ildə İstanbulun Böyükşəhər Bələdiyyəsinin başqanı seçilən Ərdoğan bu ideyanı gerçəkləşdirəcəyini bildirmişdi. Nəhayət, 2014-cü ildən sonra, Ərdoğanın prezidentliyi dövründə ideya real müstəviyə gəldi...