1 iyun – Beynəlxalq Uşaqların Müdafiəsi Günü münasibətilə bölgələrdəki mədəniyyət müəssisələrinin əməkdaşları şəhid ailələrini ziyarət edib, qəhrəman oğulların yadigar övladlarını sevindiriblər.
Kürdəmir Regional Mədəniyyət İdarəsi Kürdəmir rayon Mərkəzi kitabxanasının əməkdaşları əlamətdar gündə şəhidlər Nahid Mikayılov və Pəhli Qəribovun övladlarına mənəvi qayğı göstərmək üçün onların ailəsini ziyarət ediblər.
Kürdəmir rayon MKS-nin direktoru İradə Mahmudova balacaları bayram münasibətilə təbrik edib, onlara ataları kimi qəhrəman, vətənpərvər və igid olmağı arzulayıb. Sonda uşaqlara hədiyyələr təqdim olunub, Nahid Mikayılovun övladları Nihad və Nicat kitabxanaya üzvlüyə qəbul ediliblər.
Regional idarənin İmişli rayonu üzrə nümayəndəsi Nazim Əzimov, İmişli rayon Mədəniyyət Mərkəzinin direktoru Sərvər Şirinov, rayon Uşaq musiqi məktəbinin direktoru Dilarə Hüseynova və MKS-nin direktoru Hürü Şirinova Vətən müharibəsi şəhidi Asim Abbasovun ailə üzvləri ilə görüş keçirib. Ailəyə sovqat, şəhidin dörd azyaşlı övladına hədiyyələr təqdim olunub.
***
Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Hüseynov Vətən müharibəsi şəhidləri Rəhim İmamov və Fərid Seyfullayevin ailəsini ziyarət edib, şəhidlərin övladlarına bayram hədiyyələri təqdim edib. Görüşdə Vətən uğrunda canlarını qurban etmiş şəhidlərin əziz xatirəsinin xalqımız tərəfindən daim ehtiramla anıldığı vurğulanıb.
***
Bərdə Regional Mədəniyyət İdarəsi Yevlax şəhər Mədəniyyət Mərkəzinin filialı olan Salahlı kənd Folklor evinin kollektivi Vətən müharibəsi şəhidləri Ülvi Kərimov və Əhməd Amanovun ailəsinə baş çəkiblər. Yevlax şəhər Mərkəzi kitabxanasının əməkdaşları isə şəhid gizir Nicat Səfərovun evində olub, övladları Orxan və Ayxanı bayram münasibətilə sevindiriblər.
***
İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Nəcəfov, idarənin əməkdaşları və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı İsmayıllı rayon komitəsinin sədri Gülər Abdullayeva Vətən müharibəsi şəhidləri Sübhi Mürsəliyev, Fuad Nəcəfov və Nicat Həsənquliyevin ailələrini ziyarət ediblər. Şəhid övladlarına bayram hədiyyələri təqdim olunub.
***
Ağdaş Regional Mədəniyyət İdarəsi və Göyçay rayon MKS-nin birgə təşkilatçılığı ilə Göyçay rayon Mərkəzi kitabxanasında uşaqların bayramı ilə əlaqədar tədbir keçirilib. Ağdaş, Göyçay və Ucar rayonlarından olan Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin iştirak etdiyi tədbirdə müxtəlif cizgi film personajlarının və şən klounların oyunları uşaqlarda yüksək əhval-ruhiyyə yaradıb.
Ucar rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları Vətən müharibəsi şəhidi Coşqun Məmmədovun oğlunu bayram hədiyyələri ilə təbrik ediblər.
***
Lənkəran Regional Mədəniyyət İdarəsi Astara rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Uşaqlar bizim sevincimiz, həyatımızın mənası və gələcəyimizdir” mövzusunda videokonfrans keçirilib. Konfransda Vətən müharibəsi şəhidləri polkovnik Nail Orucovun həyat yoldaşı Nigar Ağamalıyeva, övladları İbrahim və Ruslan, şəhid Nurlan Rəhimovun həyat yoldaşı Səbinə Rəhimova, övladları Əlövsət və Səidənin çıxışları dinlənilib.
***
Şəki Regional Mədəniyyət İdarəsi Zaqatala rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Elvin Məmmədovun ailəsinə baş çəkib, şəhidin qızı Ahunuru bayram hədiyyələri ilə sevindiriblər. Görüşdə mərkəzin direktoru Famil Rəhimov Vətən uğrunda həyatlarını qurban verən igid oğullarımızın övladlarına qayğı göstərməyin hər kəsin vətəndaşlıq borcu olduğunu bildirib.