Məscid, yoxsa kilsə?

Şəki şəhərindəki qala divarlarının əhatəsində  – “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində fəaliyyət göstərən Şəki Xalq Tətbiqi Sənət Muzeyinin yerləşdiyi tikili “Dairəvi məbəd” adı ilə XIX əsr abidəsi kimi dövlət qeydiyyatındadır. Tikili ilkin vəziyyətində dairəvi formada olub, sonradan ona üç tərəfdən çıxıntılar əlavə edilib...

Bütün elmi ədəbiyyatı, dərslikləri, tarix kitablarını, bələdçi kitablarını, kataloqları ələk-vələk etsək, dövri mətbuatın bütün arxivini axtarsaq, Dairəvi məbəd haqqında çətin ki bundan başqa nəsə bir məlumat əldə edə bilək. Bu yazı da həmin boşluğu doldurmaq üçündür.

Dairəvi məbədlə bağlı ilk məlumat 1846-ci ildə “Kafkaz” qəzetində (Tiflisdə rus dilində nəşr olunub – red.) gedib. Göstərilib ki, bu, pravoslav kilsəsidir, Toskan ordeni arxitekturası üslubunda tikilib. Arxiv sənədlərindən məlum olur ki, kilsə 1851-ci ildən 1917-ci ilədək “Nuxa Üçmüqəddəs kilsəsi” adlanıb, 1905-ci ildə Gürcüstan Yeparxiyasının tabeliyində olub. Həmçinin, arxiv sənədlərində müxtəlif vaxtlarda kilsənin keşişi olmuş altı nəfərin adı da göstərilir: Yevstafi Xusiyev (1851–1867); Semyon Begiyev (1868–1876); İrodion Nanobov (1877–1884); Vasili Karbelov (1885–1887); Canayev (1888–1889); David Utiyev (1890–1916).

Rusiya İmperiyası dövründə Şəkidə vəfat etmiş bir neçə yüksək çinli rus məmuru Dairəvi məbədin şərq tərəfindəki ərazidə dəfn edilib. Onların qəbirləri indi də orada durur. Dairəvi məbədin cənub-qərb tərəfində isə tək qəbir var; qəbir kitabəsinin rusca hissəsində David Utiyevin adı aydın oxunsa da, bu hələ o demək deyil ki, həmin qəbir kilsənin sonuncu keşişi David Utiyevindir. Kitabənin daha salamat vəziyyətdə qalmış gürcücə hissəsindən aydın olur ki, həmin qəbir David Utiyevin yox, onun arvadı Annanın qəbridir.

Üçmüqəddəs kilsəsinin keşişləri 1854-cü ildən XX əsrin 20-ci illərinədək bir qayda olaraq həm də Nuxa şəhərindəki qəza məktəbində öz təriqətləri üzrə dini dərs deyiblər. Arxiv sənədlərindən o da məlum olur ki, Üçmüqəddəs kilsəsi fəaliyyətdə olduğu dövrdə kilsə binasında meteoroloji qərargah da fəaliyyət göstərib. 

Lakin Dairəvi məbədin ilkin təyinatı ilə bağlı arxiv sənədlərində heç bir məlumat yoxdur. Rus etnoqrafı İosif Seqal və ilk Azərbaycan etnoqrafı Rəşid bəy Əfəndiyev müvafiq olaraq, 1902-ci ildə və 1925-ci ildə çap olunmuş kitablarında vurğulayıblar ki, ruslar 1828-ci ildə xanın qaladakı məscidini pravoslav kilsəsinə çeviriblər. Lakin 1819-cu ildə tərtib edilmiş “Nuxa şəhərində və onun kənarında xana aid tikililər və digər müəssisələr haqqında” raportda qaladakı tikililər arasında “xanın məscidi” adlı heç bir inventar qeydə alınmayıb. Yalnız xanın şəxsi ibadətxanasından bəhs edilib ki, bu da indiki Xan sarayının həyətində  –  köhnə giriş qapısının qarşısında olub. Həmin yerdə 1990-cı illərə qədər kiçik kilsə (sövmə – çasovnya) vardı və çox güman ki, o daha əvvəl xanın şəxsi ibadətxanası olub,  sonradan isə ruslar tərəfindən kilsə şəklinə salınıb.

Rəşid bəy Əfəndiyev 1925-ci ildə çap olunmuş kitabında Nuxa qalasından bəhs edərkən Dairəvi məbəd haqqında yalnız bir kəlmə qeyd edib ki, ruslar qalanı fəth edəndən sonra dörd küncündə dörd dənə böyük bürclər tikdirib, xanın məscidinin yerində isə kilsə inşa etdirib. Amma onun çap olunmamış əlyazmalarında Dairəvi məbəd haqqında xeyli əlavə məlumat var. Göstərir ki, xan məscidinin günbəzi yaşıl rəngdə olub, məscid həm də mədrəsə kimi fəaliyyət göstərib və həmin mədrəsədə 15 iyun 1814-cü il tarixdə Şəki xanı Cəfərqulu xanın oğlu İsmayıl xan Xoyskinin sabiq Şəki xanı Məhəmmədhəsən xanın qızı Tuti ağa ilə kəbini kəsilib. O cümlədən, qeyd edir ki, məscidin ətrafında hücrələr və bir minarə də olmuş, lakin sonralar ruslar bunları sökmüşlər. Ruslar məscidin üç tərəfində, məscidə bitişik otaqlar tikiblər, dördüncü tərəfində də otaq tikmək istəyiblər, lakin hansısa səbəbdənsə sonra bunu etməyiblər.

Yuxarıda qeyd etdik ki, 1819-cu ildə tərtib olunmuş Nuxa qalasındakı tikililərin siyahısında Dairəvi məbədin mövcudluğu göstərilməyib. Rəşid bəy Əfəndiyev isə 1814-cü il üçün Dairəvi məbədin mövcud olduğunu yazır. Bundan başqa, əgər bu tikili məscid kimi inşa edilibsə, bəs niyə dairəvi plandadır? Bəlkə məqbərədir? Bu suallara cavab tapmaq, Dairəvi məbədin tikilmə tarixini dəqiqləşdirmək və ilkin təyinatını müəyyənləşdirmək üçün aidiyyəti olan bu məlumatlara da diqqət yetirməliyik.

1806–1814-cü illərdə Şəki xanı olmuş Cəfərqulu xan Xoyski (Fətəli xan Xoyskinin ana babasıdır) özünün 8 illik hakimiyyəti dövründə quruculuq işlərinə çox meyil edib. O, Şəki xanlığı ərazisində “Xan bağı” deyilən bir bağ saldırıb, dünyanın hər bir yerindən çoxlu müxtəlif növ meyvə tingləri gətizdirib ora əkdirib. Nuxa şəhərində böyük bir karvansara da tikdirib (indiki Yuxarı karvansara). Bundan başqa, Avropa üslubunda bir qala da tikdirmək istəyirdi, lakin qəflətən vəfat etdi və bu istəyi həyata keçmədi. Cəfərqulu xanın inşa etdirdiyi tikililərdən biri isə qalanın yanındakı məbəd olub. O, həmin məbəddə həvari Stefanın qaxımış pəncəsini saxlayırdı. Həvari Stefanın qaxımış pəncəsi daha əvvəl Xoy xanlığı ərazisindəki monastırlardan birində saxlanılırdı. Cəfərqulu xan Xoydan gələrkən onu da özü ilə götürüb Nuxaya gətirib. 1816-cı ilə aid sənəddən məlum olur ki, müqəddəs Stefanın qaxımış pəncəsi artıq həmin vaxt Cəfərqulu xanın tikdirdiyi məbəddə yox, tamam başqa bir ünvanda yerləşdirilib. Bu isə həm də o demək ola bilər ki, Cəfərqulu xanın tikdirdiyi məbəd artıq məscid, yaxud mədrəsə kimi fəaliyyət göstərməyə başlayıb və buna görə də islam dininə zidd olan əşyalar oradan çıxarılıb.

Bəs, Dairəvi məbəd ilə Cəfərqulu xanın tikdirdiyi məbəd arasında nə bağlılıq ola bilər? Bizcə, bunlar ayrı-ayrı məbədlər yox, əslində eyni məbəd olmalıdır. Mümkündür ki, məbəd tikilərkən əvvəl qala divarlarından bayırda olub, sonralar, rus hakimiyyəti dövründə qala ərazisi genişləndirilərkən isə o, qala divarlarının əhatəsinə düşüb. Çox güman ki, Cəfərqulu xan da, İsmayıl xan da vəfat etdikdən sonra əvvəlcə bu məbəddə dəfn ediliblər. Arxiv sənədlərindən məlumdur ki, onların hər birinin vəfatından bir il sonra qalıqları qəbirdən çıxarılaraq Kərbəlaya aparılıb və orada torpağa tapşırılıb...

Aydın MƏMMƏDOV
M.F.Axundzadə adına Şəki Mədəniyyət Mərkəzinin əməkdaşı