Nyutonun nadir əlyazmaları hərraca çıxarılacaq
Məşhur ingilis alimi İsaak Nyutonun (1643-1727) nadir əlyazmaları “Christie’s” auksionunda hərraca çıxarılacaq. Əlyazmalara 1,1 milyon dollar qiymət qoyulub. Hərrac iyulun 8-də keçiriləcək.
Kolleksiyaçılara Nyutonun “Natural fəlsəfənin riyazi başlanğıcı” əsərinin iş versiyası təqdim olunacaq. Görkəmli fizikin avtoqrafı ilə olan latın dilində bu elmi sənəd Nyutonun fundamental əsərinin ikinci nəşrinin qaralaması olub.
“Christie’s” hərrac evinin Kitab və əlyazmalar şöbəsinin rəhbəri Tomas Venninqin sözlərinə görə, Nyutonun avtoqrafı olan elmi əlyazmaları bazarda çox nadir hadisədir. Avtoqrafla olan “Prinsiplər” versiyası (“Natural fəlsəfənin riyazi başlanğıcı”) isə 20 ildən çoxdur açıq hərraca çıxarılmayıb.
Əlyazmaya maraq həm də onunla əlaqədardır ki, bu elmi yazı şotland riyaziyyatçısı və astronomu Devid Qreqorinin (1659-1708) şərhləri ilə tamamlanıb. Qreqori 1694-cü ildə Kembricə gedərkən Nyutonla sıx əməkdaşlıq edib. Əlyazma Qreqorinin arxivində 1860-cı illərə qədər saxlanılıb.
“Natural fəlsəfənin riyazi başlanğıcı” əsəri qravitasiya və hərəkətin universal fiziki qanunlarını izah edir. Bu əsərində Nyuton ümumdünya cazibə qanununu və onun kosmosda birləşdirici rolunu müəyyən etməyə nail olub. 1687-ci ildə işıq üzü görmüş bu əsər dünyada nəzəri fizikanın, mexanikanın və astronomiyanın əsasına çevrilib.