İyunun 4-dən 7-dək Gəncədə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), İqtisadiyyat Nazirliyi, Təhsil Nazirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı, “PAŞA Holdinq”in baş sponsorluğu ilə iqtisadiyyat və idarəetmə sahəsində magistr və doktorantların 3-cü Beynəlxalq elmi konfransı keçirilib. “Nizami Gəncəvi İli” çərçivəsində təşkil edilən konfrans “Nizami Gəncəvi və davamlı inkişaf” mövzusuna həsr olunub.

Onlayn formatda keçirilən konfransın rəsmi açılışı Gəncədəki Heydər Əliyev Mərkəzində olub. İştirakçılar əvvəlcə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin məqbərəsini və ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.

UNEC-in rektoru, professor Ədalət Muradov tədbiri açaraq bildirib ki, konfransa dünyanın 34 ölkəsindən 695 tədqiqatçı, BMT, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı kimi təşkilatların mütəxəssisləri, dövlət qurumlarının təmsilçiləri, deputatlar, özəl sektor nümayəndələri qatılıb. Konfransa göndərilmiş tədqiqat işləri dünyanın 30-a yaxın nüfuzlu elmi platformada indekslənən beynəlxalq elmi jurnalda nəşr olunacaq. Həmin kitabın elektron versiyası dünyanın nüfuzlu universitetlərinin kitabxana kataloqlarında yer alacaq.

İştirakçıları salamlayan Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bildirib ki, beynəlxalq elmi konfrans Azərbaycan təhsilinə böyük töhfələr verməklə yanaşı, Nizami yurdunun dünyada tanıdılmasına da daha bir töhfə olacaq.

Sonra Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun videoçıxışı təqdim olunub. Nazir çıxışında innovativ iqtisadiyyatın təhsil sistemi ilə bağlılığına diqqət çəkib, Nizami Gəncəvi yaradıcılığının dayanıqlı inkişafın təmin edilməsi üçün aparılan tədqiqatlar sahəsində tükənməz xəzinə olduğunu bildirib.

Təhsil naziri Emin Əmrullayev konfransda elmi tədqiqatların aparılmasının əhəmiyyətindən danışaraq bildirib ki, tədqiqat işlərində müasir dövrün çağırışlarına cavab vermək istəyi müşahidə olunur. Bu sahədə dəyişikliyin həyata keçirilməsi, ali təhsilin yeni modelinin qurulması və bunun elmi tədqiqatlara sirayət etməsi önəmlidir.

“PAŞA Holdinq” Şirkətlər Qrupunun baş icraçı direktoru Cəlal Qasımov videoçıxışında holdinq tərəfindən təhsil sahəsində həyata keçirilən layihələrdən söz açıb.

Çıxışlardan sonra Nizami Gəncəvi irsi ilə bağlı tədqiqatlar aparan ABŞ-ın Prinston Universitetinin professoru Maykl Barrinin “Nizami Gəncəvi irsi” və Corc Vaşinqton Universitetinin dekanı, professor Maykl Feyerin “Təhsil və iqtisadiyyat” mövzularında videoməruzələri dinlənilib.

Dörd gün davam edən konfransda 16 seminarda 65, 66 bölmədə 444 olmaqla, ümumilikdə 510 elmi məruzə dinlənilib.