Tanınmış tarzən, Əməkdar artist Sahib Paşazadə Fransanın Karyer-su-Puassi şəhərinin meri tərəfindən medalla təltif olunub. Musiqiçi 2019-cu ildə bu şəhərdə Beynəlxalq Sülh Gününə (21 sentyabr) həsr olunan konsertdə yüksək peşəkarlıq nümayiş etdirdiyinə görə mükafata layiq görülüb.

Həmyerlimiz, tanınmış pianoçu Səidə Zülfüqarova tərəfindən təşkil edilən həmin konsertdə Sahib Paşazadə ilə yanaşı Nigeriyadan olan vokalçı Omo Bello, fransalı violonçel ifaçısı Giyom Martin və ispan rəqqasə Sofiya Alma da çıxış etmişdi. 

Mükafatın sevincini bölüşən Sahib Paşazadə deyib: “Həmin konsertdə Azərbaycan və fransız bəstəkarlarının klassik əsərlərindən ibarət beş ifa təqdim etdim. Muğam ifa etdiyim zaman isə tamaşaçılar kompozisiyanın finalını gözləməyib bütün ifanı ayaq üstə dinləyərək alqışladılar. İfama ilk olaraq alqış edib ayaq üstə qalxan isə Karyer-su-Puassi şəhərinin meri Kristof Delryu və məşhur tacik memar, UNESCO-nun sülh artisti Əmri Əminov olmuşdu. Konsertdən sonra onlar mənə yaxınlaşıb bildirdilər ki, muğamın ifası zamanı hədsiz vurğunluqdan musiqi parçası bitmədən öz sevgi və alqışlarını ərməğan ediblər. Onların bu fikri mənim üçün çox xoş və böyük fəxr oldu.  Həmçinin söhbətimiz zamanı mer vurğuladı ki, belə bir ifa mütləq mükafatlandırılmalıdır. Həmin konsertdən iki ilə yaxın müddət keçib. Pandemiya başladı. Heç düşünmürdüm ki, mükafat verilə bilər. Bu günlərdə poçtla mükafat və medalı göndərdilər. Bunun özü də böyük sürpriz oldu. Mükafat ildə bir dəfə mədəniyyət və ictimai fəaliyyət sahəsindəki uğurlara görə təqdim olunur”.

Azərbaycan mədəniyyətinin, muğamının təbliği yolunda yorulmadan çalışan istedadlı tarzənə yeni uğurlar arzulayırıq.

LALƏ