Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən 33 nömrəli Uşaq musiqi məktəbinin Xalq çalğı alətləri şöbəsinin şagirdləri “Talants of Berlin” XI beynəlxalq onlayn incəsənət festival-müsabiqəsində (Almaniya) uğur qazanıblar.

Tar ixtisası üzrə müəllimi Emin Bəhramlının (konsertmeyster Lalə Hüseynova) sinfindən “İnstrumental janr” nominasiyasında 13-15 yaş kateqoriyası üzrə Cavid Mehdiyev və 16-20 yaş kateqoriyası üzrə Yusif Əliyev müsabiqənin Qran-pri mükafatına layiq görülüblər.

Yusif Əliyev Vasif Adıgözəlovun "Skertso", Cavid Mehdiyev isə Fikrət Əmirovun "Sevil" operasından "Dilbərin mahnısı" və Adil Gərayın "Qaytağı" əsərlərini yüksək səviyyədə ifa ediblər.

Şagirdlər həmçinin uğurlu çıxışlarına görə Kanadanın Monreal şəhərində keçiriləcək “Open Canada” III beynəlxalq incəsənət festivalında iştirak hüququ verən sertifikat da qazanıblar.

Gənc istedadların müəllimi Emin Bəhramlı isə “Talants of Berlin” festival-müsabiqəsi münsiflər heyətinin təşəkkürnaməsi ilə mükafatlandırılıb.