Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solisti, Əməkdar artist, Prezident mükafatçısı və “Humay” milli mükafatı laureatı Afaq Abbasova opera sənətinin beşiyi İtaliyaya dəvət olunub.

Vokalçımız bir neçə həftə idi ki, İtaliyanın Triyest şəhərinin Cüzeppe Verdi adına Opera Teatrında həyata keçirilən xüsusi layihədə iştirak edirdi. Teatrda italyan bəstəkarı Ottorino Respicinin “Al Mulino” (libretto müəllifi Alberto Donini) operası tamaşaya qoyulur. Layihənin rəhbərlərindən olan dirijor Fabrizio Da Ros azərbaycanlı vokalçıya əsas partiyanın – Aniuska partiyasının ifasını həvalə edib. 

Qeyd edək ki, bu partiyanın ifası üçün dünyada tanınmış daha bir neçə ifaçı dəvət olunub.  Məşq prosesində məhz Afaq Abbasova öz professional ifası ilə daha çox bəyənilib və onun layihədə iştirakı təsdiq edilib. Vokalçımızın ifası C.Verdi adına Opera Teatrının direktoru tərəfindən də yüksək qiymətləndirilib.

Artıq “Al Mulino” operasının audiodiskinin yazılışı başa çatıb. Disk dünyanın bir çox opera teatrlarına göndəriləcək.

Tamaşanın premyerası 2022-ci ildə baş tutacaq və Afaq Abbasova premyerada iştirak edəcək.