Türkiyənin Mardin şəhərində bir çox film və serialların çəkildiyi, müxtəlif din, dil və mədəniyyətlərin birləşdiyi Dereiçi məhəlləsi turizm sektoruna açılacaq. Şəhərin Savur rayonunda yerləşən məhəllə özünəməxsus memarlıq üslubu, katolik, pravoslav və protestant kilsələri, üç monastırı və məscidləri ilə bölgədə xüsusi yerə sahibdir.

Məhəllənin turizm sahəsinə açılması üçün Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi ilə yanaşı, digər aidiyyəti qurumlar tərəfindən birgə layihə həyata keçirilir. Dereiçi məhəlləsində yerləşən tikililərdə, o cümlədən restoran, kafe və qonaq evlərində yenidənqurma işləri başladılıb. Aparılan işlərin əsas hədəfi bu məkanın bölgənin özünəməxsus xüsusiyyətlərinə xələl yetirmədən abadlaşdırılmasıdır.

Qeyd edək ki, Türkiyənin Suriya ilə həmsərhəd olan Mardin vilayəti qədim və zəngin mədəni koloriti, xüsusilə memarlıq və arxeoloji abidələri ilə tanınır. Bu yerlər antik mədəniyyətə malik olması baxımından da dünyanın diqqətini çəkir, qədim mədəni irsin qorunub saxlanıldığı məkanlara kino sektoru xüsusi maraq göstərir.

Mardinin bir çox ekran əsərlərinə səhnə olmuş Midyat rayonundakı Tur Abdin bölgəsinin qədim xristian monastırları UNESCO-nun Dünya İrsi Siyahısına salınıb.  VI və VIII əsrlərə aid edilən bu abidələr Türkiyədəki fərqli inancların zəngin mədəni irsinin mühüm bir nümunəsini təşkil edir.

Bir neçə il öncə Mardinin Dargeçit rayonundan şərqdə, Dəclə çayı üzərində İlisu SES-in inşaatı zamanı aşkar edilən arxeoloji abidələr isə müxtəlif ölkələrdən mütəxəssislərin diqqətini çəkib. Həmin tapıntılar arasında eramızdan əvvəl X-IX minilliklərə aid Boncuklu Tarla və Çemka kimi Erkən Neolit dövrü abidələri xüsusi önəm daşıyır.

Mehparə SULTANOVA
Ankara