AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” seriyasından IV kitab – “Teymur Atəşli. Seçilmiş əsərləri” kitabı çapdan çıxıb.
İnstitutun direktoru, akademik İsa Həbibbəylinin baş redaktorluğu ilə nəşr edilən kitabda XX əsr Azərbaycan mühacirət ədəbiyyatının tanınmış nümayəndəsi, şair-publisist, tərcüməçi Teymur Atəşlinin (Mustafa Teymur Atəşli) şeirləri, “Stalinqrad cəhənnəmində 95 gün döyüşən türk” adlı müharibə xatirələri, “Tuzaq” (“Tələ”) pyesi və publisistik məqalələri yer alıb. Mühacir ədibin irsi kitab halında Vətənində ilk dəfə nəşr olunub.
Şairin əsərlərini ilk mənbələr əsasında tərtib edən, ön söz və qeydlərin müəllifi filologiya üzrə elmlər doktoru Nikpur Cabbarlı, seriyanın bu cildinin məsul redaktoru filologiya üzrə fəlsəfə doktoru Arif Acaloğludur.
Teymur Atəşli 1923-cü ildə Bakıda dünyaya göz açıb. 1939-cu ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Alman filologiyası şöbəsinə daxil olub. 1941-1945-ci illər müharibəsi başlayanda səfərbərliyə alınaraq cəbhəyə göndərilib. Cəbhədə almanlara əsir düşüb və bir müddət hərbi düşərgələrdə qalıb. Azad ediləndən sonra Türkiyəyə gedib. Ankaranın Adapazarı qəsəbəsində yaşayıb. Bədii yaradıcılığını davam etdirib, bələdiyyədə çalışıb, məhkəmələrdə tərcüməçilik, qəzetlərlə əməkdaşlıq edib. Şeirləri Türkiyədəki mühacir azərbaycanlıların mətbu orqanı olan “Azərbaycan” (Ankara) dərgisində dərc olunub. O, həmçinin Adapazarında Üzeyir Hacıbəylinin “Arşın mal alan” və “O olmasın, bu olsun” operettalarını tamaşaya qoyub, özü də aktyor kimi çıxış edib. 1976-cı ildə dünyasını dəyişib.