Rusiya Federasiyası Tatarıstan Respublikasının Leninoqorsk şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 103-cü ildönümünə həsr edilən konsert proqramı keçirilib.

Leninoqorsk rayonunda fəaliyyət göstərən “Birlik” Azərbaycan milli-mədəni ictimai şurası tərəfindən təşkil olunan konsert şəhər sakinlərinə bayram əhval bəxş edib.

Konsert proqramında tanınmış ifaçılar və milli rəqs ansamblları çıxış edib. Azərbaycan diasporu nümayəndələrinin iştirak etdiyi tədbirdə dekorativ-tətbiqi sənət üzrə əl işləri, milli mətbəx nümunələrimiz və musiqi nömrələri təqdim olunub.

Tədbirdə çıxış edən Leninoqorsk şəhərinin meri, Tatarıstanın mədəniyyət və siyasi xadimləri Azərbaycan diasporunun rəhbəri Ramiz Məmmədova 28 May – Respublika Günü münasibətilə təbriklərini çatdırıblar. Tatarıstanın Xalq artisti tanınmış müğənni (tenor) Minqol Qaleyev də çıxış edərək öz ifası ilə Azərbaycana sevgisini nümayiş etdirib.

Ölkəmizdəki tatar icması üzvlərinin də iştirak etdiyi bayram konserti böyük coşqu ilə yadda qalıb.

LALƏ