Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayonu Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) 8 nömrəli filialı görkəmli müğənni, Xalq artisti Gülağa Məmmədovun anım günü (7 iyun) ilə əlaqədar “Neçə ömür könüllər yaşadacaq səni” adlı videoçarx hazırlayıb.

Videoçarxda qeyd edilir ki, 1925-ci il iyunun 28-də Lənkəranda anadan olan Gülağa Məmmədov qəlbəyatan səsi və şirin ifası ilə 600-dən artıq xalq və bəstəkar mahnısı oxuyub. Eyni zamanda 15-dən çox bədii filmdə, teatr tamaşalarında xarakterik musiqi nömrələri ifa edib.

Respublikamızda fəaliyyət göstərən əksər xalq çalğı alətləri ansamblları, simfonik orkestrlərlə birgə çıxış edən sənətkar Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və rəqs ansamblı və Dövlət Akademik Musiqili Teatrında da işləyib. 1952-ci ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin Xalq çalğı alətləri ansamblının (hazırda Səid Rüstəmovun adını daşıyır) solisti olub. Müğənninin ifasında "Ay qız", "Ana Kür", "Oxu, gözəl", "Şeir deyilmi", "Mənim qızım" kimi mahnılar xüsusilə könülləri oxşayıb.

Nəğmələri ilə əbədiləşən Gülağa Məmmədov 1994-cü ildə, 68 yaşında vəfat edib.

Videoçarx kitabxananın sosial şəbəkələrdəki hesablarında paylaşılıb.