Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) fərdi jurnalist müsabiqəsinin keçirilməsi barədə elan verib.

Müsabiqənin məqsədi dövlət və cəmiyyət üçün prioritet təşkil edən məsələlərin həllində jurnalistlərin potensialından səmərəli istifadə olunmasını təmin etmək, onların peşəkarlığının və məsuliyyətinin artmasına, fərdi bacarıqlarının təkmilləşməsinə şərait yaratmaq, jurnalist tədqiqatlarının aparılmasını stimullaşdırmaqdır.

Müsabiqədə kütləvi informasiya vasitəsinin məlumat toplamaq, hazırlamaq, redaktə və istehsal etməklə məşğul olan ştatlı müxbirləri və kütləvi informasiya vasitəsinin məlumat toplanması, hazırlanması və redaktəsi ilə bağlı tapşırıqlarını müntəzəm yerinə yetirən ştatdankənar müxbirləri iştirak edə bilərlər.

Müsabiqə çap mediası və onlayn media üzrə 10 nominasiyada, audiovizual media üzrə 5 nominasiyada keçirilir.

Çap mediası və onlayn media subyektlərində işləyən jurnalist müsabiqə elan olunan günədək son 3 (üç) aylıq dövr ərzində dərc olunmuş hər hansı bir yazısını aşağıdakı nominasiyalardan yalnız biri üzrə müsabiqəyə təqdim edə bilər:

- ən yaxşı reportaj;

-ən yaxşı ictimai-siyasi təhlil;

- ən yaxşı sosial-iqtisadi təhlil;

- ən yaxşı müsahibə;

- ən yaxşı mədəniyyət materialı;

- ən yaxşı idman reportajı və ya təhlili;

- ən yaxşı bədii publisistika;

- ən yaxşı köşə yazısı;

- ən yaxşı jurnalist araşdırması;

- ən yaxşı oçerk

Audiovizual media subyektində işləyən jurnalist müsabiqə elan olunan günədək son 3 (üç) aylıq dövr ərzində yayımlanmış və həcmi (xronometrajı) ən çoxu 5 (beş) dəqiqə olan süjetini aşağıdakı nominasiyalardan yalnız biri üzrə müsabiqəyə təqdim edir:

- ən yaxşı ictimai-siyasi reportaj;

- ən yaxşı iqtisadi reportaj;

- ən yaxşı sosial reportaj;

- ən yaxşı mədəniyyət reportajı;

- ən yaxşı idman reportajı

 

Müəyyən edilmiş hər nominasiya üzrə qalib jurnalistə 700 manat, operatora (audiovizual media) 350  manat  məbləğində pul mükafatı veriləcək.

Müraciətlərin qəbulu 8 iyun 2021-ci il tarixindən 18 iyun 2021-ci  il saat 18:00-dək həyata keçirilir.

Nəticələr Azərbaycan milli mətbuat günündə – 22 iyul 2021-ci il tarixində açıqlanacaq.

Müsabiqənin şərt və qaydaları barədə ətraflı məlumat bu linkdə:

https://media.gov.az/storage/pdf/F%C9%99rdi%20jurnalist%20m%C3%BCsabiq%C9%99%20qaydalar%C4%B1.pdf